İddia: xüsusi xidmət orqanları Ukrayna istehsalı olan dronları diversantlara təhvil verib, ancaq çatdırılmanın dəqiq necə edildiyi sirr olaraq qalır
Ukrayna Rusiya daxilində qarışıqlıq yaradan, hücumlar təşkil edən agentlər şəbəkəsi yaradıb və onları hücumlar üçün pilotsuz təyyarələrlə təmin edib. Bu barədə CNN-ə ABŞ kəşfiyyatının məlumatları ilə tanış olan bir neçə şəxs bildirib. ABŞ rəsmiləri hesab edir ki, may ayında Kremlə pilotsuz təyyarə hücumu Rusiya daxilində Ukraynayönlü agentlər tərəfindən həyata keçirilib. İddiaya görə, dronlar Kiyev tərəfindən Moskvadakı agentlərə çatdırılıb və Moskvanın özündən Kremli vurmaq üçün hərəkətə gətirilib.
Digər pilotsuz təyyarə hücumları, o cümlədən neft anbarlarına zərbələr və bu yaxınlarda Moskvaya qruplaşdırılmış pilotsuz təyyarə hücumu ABŞ kəşfiyyatına hələ ki, tam aydın deyil. Bununla belə, Rusiyada Ukraynaya rəğbət bəsləyənlərin hücrələr şəbəkəsinin mövcudluğuna amerikalılar artıq şübhə etmirlər.
Kəşfiyyat məlumatlarına görə, Ukrayna xüsusi xidmət orqanları Ukrayna istehsalı olan dronları bu diversantlara təhvil verib. Ancaq çatdırılmanın dəqiq necə edildiyi sirr olaraq qalır.
CNN mənbələri hesab edir ki, bu məqsədlər üçün yaxşı qurulmuş transsərhəd qaçaqmalçılıq marşrutlarından istifadə oluna bilər və onların vasitəsilə dronlar hissə-hissə Rusiya ərazisinə çatdırılıb.
Qeyd edilir ki, müharibə edən dövlətlərin ümumi sərhədi Rusiya tərəfindən ciddi şəkildə mühafizə olunsa da, bəzi qaçaqmalçılıq marşrutları hələ də işləyir.
CNN mənbələri həmçinin iddia edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik xidmətləri üçün ümumi məhdudiyyətlər qoyub. Lakin bu məhdudiyyətlət heç də hər əməliyyatda iştirak etmir və onların heç də hamısı Prezidentin birbaşa razılığını almır.
“Ukraynanın hərbi kəşfiyyatının rəisi Kirill Budanov ardıcıl olaraq Rusiyaya qarşı ən qəddar əməliyyat planlarını təklif edir və simvolik hərəkətləri yüksək qiymətləndirir”, - Amerika mənbələri iddia edib.
Maraqlıdır ki, ABŞ-ın yüksək rütbəli rəsmilərinin Rusiya ərazisinə birbaşa zərbələri “təsdiq etmədikləri” barədə açıq bəyanatları yalnız diplomatik ritorikadır. CNN-ə özəl danışan ABŞ və Avropa rəsmiləri bildiriblər ki, onlar transsərhəd hücumları Ukraynanın böyük əks-hücuma hazırlaşdığı bir vaxtda Rusiya resurslarını öz ərazisini müdafiə etməyə yönəldə biləcək ehtiyatlı hərbi strategiya kimi görürlər.
Nəşrin həmsöhbətlərindən biri iddia edib ki, onun bu yaxınlarda danışdığı Ukrayna rəsmiləri Rusiya daxilində hücumları davam etdirmək niyyətlərini açıqlayıblar – çünki bu, Rusiyanı öz daxilində təhlükəsizliyini narahat edən yaxşı yayındırma taktikasıdır.
Rusiyaya dron hücumları
Son aylarda Rusiya ərazisinə, o cümlədən Ukrayna sərhədindən kifayət qədər uzaqlarda yerləşən ərazilərə pilotsuz təyyarələrin hücumları artıb. İlk növbədə, neft sənayesi obyektləri bu cür hücumlardan əziyyət çəkir, aşağı güclü partlayıcı maddələrin köməyi ilə əhəmiyyətli dərəcədə zədələnmələr baş verir.
Bununla belə, ötən həftənin əvvəlində Moskvanın qərb ətrafına hücum edən bütöv bir dron dəstəsinin hücumu ən böyük rezonans doğurdu. Bundan sonra bir sıra Qərb liderləri Rusiya ərazisinə hücumu məqbul hesab edib-etmədiklərindən danışıblar.