Ukrayna ilə bağlı həyəcanlı xəbərlər, dəhşətli videolar: “feyk” və təxribat çoxdur

Dünya

24.02.2022 - 18:56

Rusiya agentləri ajiotaj yaradacaq yalanlar yayırlar: əsgərlərin cəbhədən qaçması dezinformasiyadır

Bu gün səhər saatlarından Ukrayna şəhərlərində partlayış səsləri eşidilməyə başlayıb. Xəbərlərə görə, Kiyevin strateji obyektləri raketlərlə vurulub, digər şəhərlərdə partlayışlar baş verib. Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib. Bildirilib ki, Rusiyanın hücum hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, Ukrayna ərazisini güc yolu ilə ələ keçirməkdir. Buna cavab olaraq, Ukrayna beynəlxalq hüquq normalarına uyğun özünümüdafiə hüququnu aktivləşdirib və ukraynalılar torpaqlarının müdafiəsi üçün əllərindən gələni edəcəklər. 

Prezident Volodimir Zelenski də xalqa müraciətində bildirib ki, Rusiya Prezidentinin məqsədi onun ölkəsini məhv etməkdir. Zelenski hər kəsi silaha sarılmağa və vətənlərini qorumağa səsləyib. 

Xatırladaq ki, fevralın 24-ü səhər saatlarında Rusiya Prezidenti Vladimir Putin Donbassdakı separatçı "respublikalar"ı qorumaq üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb. Dövlət başçısı Rusiya üçün təhlükə yaratmağa cəhd edə biləcək xarici qüvvələrə də müraciət edib. Onun fikrincə, Rusiyaya təhlükə olarsa, cavab dərhal veriləcək.

Rusiyanın Ukraynaya hücumundan sonra sosial şəbəkələrdə - əsasən də "Telegram" kanallarında ukraynalıların təşviş içərisində olduğu, ölkələrindən qaçdığı haqqında videogörüntülər yayımlanıb. Bir çox görüntülərdə paytaxt Kiyev əhalisinin ölkənin qərb tərəfinə yönəldiyi, yollarda böyük tıxaclar yarandığı görünür. 

Rusiya mediasında yayılan məlumatlarda isə Ukrayna Ordusunun əsgərlərinin də silahlarını döyüş meydanında qoyub qaçdıqları bildirilir. Ukraynada yaşayanların bir çoxları isə bildirirlər ki, yayılan məlumatların heç də hamısı həqiqətə uyğun deyil. 

Odessa “Birlik” Diaspora Təşkilatı sədrinin media üzrə müavini, jurnalist Anar Natiqoğlu AYNA-ya deyib ki, hücum bir qədər gözlənilməz olub: "Rusiyanın Donetsk və Luqanskın “müstəqilliyini” tanımağından sonra ekspertlər də ən azından hərbi müdaxilə olmayacağı düşüncəsində idilər. Amma görünür ki, birilərinin başqa planları var imiş. Ümid edirik, hər şey yaxşı olar.  Hazırda müxtəlif vilayətlərdən, xüsusən də Donetsk, Luqansk, Xarkov vilayətlərindən  həyəcanlı xəbərlər gəlir. Bu gecə səhərə yaxın Odessada da partlayış səsləri eşidilib. Odessanın şimalında hərbi hissəni vurublar. Buranın Hərbi Hava Qüvvələrinin hərəkətə keçməsi faktı da var. Ümumi əhval-ruhiyyə yerindədir. Bir qədər ərzaq məsələsi ilə bağlı ajiotaj var. Digər vilayətlərdə vəziyyətin necə olmasını biz də xəbərlərdən izləyirik. Mən məsləhət görərdim ki, Rusiya xəbərləri çox izlənilməsin. Çünki iki bomba atıbsa, kifayət qədər də ciddi informasiya savaşı aparır. Ukrayndakı vəziyyəti daha pis göstərməyə çalışırlar”. 

Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov da AYNA-ya belə hücumu heç kimin gözləmədiyini bildirib: "Hazırda Ukraynada müharibə vəziyyəti elan olunub. İnsanlar narahatdırlar. Amma görünür ki, hələ Ukrayna Ordusu düşmənə layiqli cavablar verir və onların irəliləməsinin qarşısını ala bilir. İndi xalq bir şok içərisindədir, yeni situasiya var. Mənim düşüncəmə görə, yaxın 2-3 gün ərzində həm insanlar bu xaos vəziyyətindən çıxacaqlar, həm də dünya birliyi bu məsələyə layiqli qiymət verəcək”. 

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli isə AYNA-ya söyləyib ki, əslində Rusiya tərəfinin təbliğatı və Ukraynadakı rus millətindən olan bəzi təxribatçılar camaatda təşviş yaradırlar. 

"Burada da müəyyən məqsədlər var. İstəyirlər, camaat ölkədən çıxsın, xaos yaransın. Dost-tanışdan eşidirəm, əhali arasında xüsusi geyimdə gəzən, camaatı təxribata çəkənlər var. Deyirlər, qırmızı köynək, pencək geyinmiş adamlar görəndə polisə məlumat verin, çünki çox sayda təxribatçı var", - Camalbəyli əlavə edib. 

Jurnalistin sözlərinə görə, ümumilikdə isə Kiyevdə həyat öz axarında davam edir: "Düzdür, camaat arasında qorxuya düşən, ölkədən çıxmağa çalışan, çıxıb ölkənin qərb istiqamətinə tərəf gedənlər də var. Apteklərdən, mağazalardan dərman, ərzaq tədarükü yığanlar var. Amma əksəriyyət normal həyatına davam etməyə çalışır".

İ.Camalbəyli onu da deyib ki, Ukrayna Ordusu 2014-cü ildəki ordu deyil, indi çox güclüdür: "Ordu istənilən hücumu dəf etməyə hazırdır. Lakin təbii ki, hərbi texniki baxımdan Rusiya ilə müqayisə olunmazdır. Əsas odur ki, camaatda əhval-ruhiyyə yüksəkdir". 

"Hesab edirəm ki, Kiyevə hücum olmayacaq. Yox, əgər Rusiya belə bir addım atsa, dinc əhalini qırsa, bu, Putinin məhvi olacaq. Hazırda izləyirəm, ruslar da bu addımı dəstəkləmir. Sadəcə açıq şəkildə ifadə etməyə qorxurlar, camaatda xof var. Zelenskinin hazırkı siyasəti dəstəklənir, alqışlanır. Çox soyuqqanlı, ölçülüb-biçilmiş addımlar atır. Qərb də öz dəstəyini göstərir. Amerikanın 30-40 yaxın təyyarəsi gəldi. Lakin ən əsası camaatın özündə ruh yüksəkliyinin olmasıdır”, - deyə həmyerlimiz fikrini tamamlayıb. 

Müəllif: Aləmdə Nəsib