Qarşılaşmaların hamısı azarkeşsiz keçiriləcək
Avrokubokların 2019/20 mövsümünün koronavirus pandemiyası üzündən baş tutmayan 1/8 final oyunlarının taleyinə aydınlıq gəlib.
AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının yarımçıq qalan mərhələsi barədə qərarı UEFA-nın İcraiyyə Komitəsi verib.
Qurum ilk oyunu baş tutan cütlərdə cavab görüşlərinin öncədən planlaşdırılan komandanın meydanında keçirilməsini daha ədalətli hesab edib. Çempionlar Liqasının 4, Avropa Liqasının 6 cütündə baş tutacaq cavab qarşılaşmalarının hamısı azarkeşsiz keçiriləcək.
Avropa Liqasının iki cütündə isə ilk oyun da baş tutmayıb. Bu, “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) və “Sevilya” (İspaniya) – “Roma” (İtaliya) cütləridir.
UEFA həmin cütlərdə iki deyil, bir matçın keçirilməsini, həmin görüşün neytral meydanda oynanılmasını məqsədəuyğun sayıb. Bu matçlar Almaniyada təşkil olunacaq.
Qeyd edək ki, Portuqaliya Çempionlar Liqasının, Almaniya Avropa Liqasının 1/4, 1/2 və final matçına ev sahibi olacaq.