Türk Hava Yollarının qazları

Maraqlı

09.09.2019 - 22:38


Çinin "China Airlines" hava yollarının loqosu ən sevdiyim loqodur - Alça ağacının çiçəyi. Meksikanın "Aeromexico" hava yollarının "Qartal dəbilqəli Aztek əskəri" də bir başqa gözəldir. "Air Canada"nın Kanada bayrağındakı "Ağcaqayın yarpağı", İran Air-in mifik "Griffin əjdahası", Avstraliyanın "Qantas" hava yollarının "Kenquru"su, "Qatar Airways"in "Ceylan"ı - hər biri başlı-başına bir dizayn, hətta deyərdim ki, bir sənət nümunəsidir. Gövdə və quyruq loqosu göylərin əsalətli gəmilərinə bir başqa gözəllik, məna və dərinlik verirlər.

 

Bunların içində biri var ki, o, bir neçə baxımdan mükəmməl və mükəmməldən də o tərəfədir - Türk Hava Yollarının qazları…

 

1959-cu ildə keçirilən müsabiqədə Mesut Manioğlu adlı bir dizaynerin hazırladığı bir loqo Türk Hava Yollarının (THY) loqosu seçilir. Və o gündən bu günə kimi bu, çox cüzi dəyişikliklərlə Türk mülki aviasiyasının üzü və simvoludur. 

 

THY-nin loqosu yaban qazının (dağ qazı) uçuş halındakı görünüşüdür. Onu sağa və sola döndərəndə T-H-Y hərfləri çıxır ortaya. 

 

Ancaq bu loqo sadəcə estetetik olduğu üçün seçilməyib. Əsas səbəb yaban qazının spesifik xarakteristik göstəriciləridir. Belə ki, yaban qazı çox yüksəkdən (hardasa ən yüksəkdən uçan quşdur) və çox uzun məsafəyə uça bilir. Dəstə halında "V" şəklində uçan yaban qazları bir-birlərinin qanad çırpmalarından yaranan hava axını ilə sərf etdikləri enerjini minimuma endirir və nəticədə tək bir qazın qət etdiyi məsafədən 2 dəfə daha uzağa uçurlar. Qaz dəstəsi bir gündə 1500 km məsafə qət edir. Yaban qazları 8850 metr yüksəyə qalxdıqları üçün onlar Himalay dağlarını asanlıqla aşa bilirlər.

 

Manioğlu da yaban qazını seçərkən THY-nin daha yüksəklərdən daha uzaqlara uçma hədəfini məharətlə dizayn edib. 

 

Bu gün THY dünyanın ən böyük hava yollarından biri və ölkənin ən önəmli marka dəyəri yüksək olan milli sərvətidir…

Müəllif: İbrahim Nəbioğlu