Trampın dağıdıcı təsiri: “Onun namizədliyi geosiyasi fəlakət deməkdir”

Dünya

15.03.2023 - 23:45

Həkimlər Klinikalar SEO Xidməti

Rasmussen: “Bu, Trampın qorxunc ideyalarını əsas cərəyana gətirəcək və müharibə üçün Konqresin dəstəyini çətinləşdirəcək"

ABŞ-ın sabiq Prezidenti Donald Trampın Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya Qərbin, xüsusilə ölkəsinin yardımını dəstəkləmir. Tramp bu mövqeyini müharibənin ilk vaxtlarından bildirib və zaman-zaman Ağ Evin siyasətini tənqid edib. ABŞ-da keçiriləcək növbəti president seçkilərində iştirak edəcəyini və Respublikçılar Partiyasının namizədi ehtimalı böyük olan 45-ci Prezident bu günlərdə etiraf edib ki, o, Rusiyada Vladimir Putin rejiminin dəyişdirilməsinin qəti əleyhinədir. O, Ukraynaya yardımı da tənqid edərək, bunun yalnız Avropanın marağında olduğunu bildirib.

Tramp bu yaxınlarda Rusiyanın Ukraynanın bir hissəsini ələ keçirməsinə razılıq verməsinin doğru yol olduğunu da söyləyib. Onun fikrincə, bu, müharibənin bitməsinə kömək edərdi. Həmçinin ABŞ-ın keçmiş Prezidenti əlavə edib ki, onun fəaliyyəti dövründə Rusiya Federasiyası heç bir dövlətin ərazisini işğal etməyib.

Yanvarın sonunda isə Tramp Ukraynaya tank tədarükünü tənqid etmişdi. Onun fikrincə, bu templə hər şey nüvə silahından istifadəyə yol aça bilər.

ABŞ-ın potensial Prezidentinin bu fikirləri Qərb dairələrində də, ABŞ-ın əksər kəsimində də ciddi tənqid edilir. Lakin nəzərə almaq lazımdır ki, onun ABŞ-da ciddi tərəfdarları da var.

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen ABŞ-ın keçmiş Prezidenti haqqında mənfi fikirlər səsləndirib. “Politico”ya müsahibəsində danimarkalı siyasətçi bildirib ki, Trampın növbəti ABŞ prezident seçkilərində iştirak etməsi Ukraynaya yardımı ləğv edə bilər.

Üstəlik, Rasmussen qorxur ki, Tramp yalnız Respublikaçılar Partiyasının namizədliyini qazanmaqla Ukraynanın xeyrinə olan ikipartiyalı cəbhəni məhv edə bilər.

“ABŞ-ın keçmiş Prezidenti hərtərəfli müharibənin ilk günlərində Putini ağıllı strateq kimi qiymətləndirdi və bu yaxınlarda Kiyevin öz ərazilərinin bir hissəsini Rusiyaya verməyə razılıq verməli olduğunu irəli sürdü”, - deyə Rasmussen xatırladıb.

NATO-nun sabiq baş katibinin fikrincə, Trampın Ukrayna ilə bağlı siyasəti “təslim olmaq” demək olardı: “Trampın namizədliyi irəli sürülsə, mən bunu geosiyasi fəlakət adlandıraram, çünki onun seçki kampaniyasındakı təsiri dağıdıcı olacaq. Bu, Trampın qorxunc ideyalarını əsas cərəyana gətirəcək və müharibə üçün Konqresin dəstəyini çətinləşdirəcək".

Danimarkalı əlavə edib ki, ABŞ-da keçirilən rəy sorğularına görə, Ukraynaya dəstəyin zəifləməsi müşahidə olunur. Trampın təbliğatı bu prosesi daha da gərginləşdirə bilər.

“Onun düşüncələrinin müəyyən ünsürə, Amerika ictimaiyyətinin müəyyən təbəqəsinə yönəldilməsi Amerika siyasətini yanlış istiqamətə sövq edəcək”, - Rasmussen deyib.

“Politico” qeyd edir ki, Trampın dərhal hakimiyyətə qayıdışından daha çox namizədliyindən qorxmaq axmaqlıq kimi görünə bilər ki, bu da daha az ehtimaldır. Lakin daha təhlükəli nəticə ola bilər.

Rasmussen isə Trampın namizədliyini Ukraynadakı müharibəni sabotaj etmək cəhdi kimi qiymətləndirir.

Danimarkalı siyasətçinin potensial prezidentliyi ilə bağlı proqnozunu da açıqlayıb: “Düşünürəm ki, Prezident Tramp uduzan tərəf olacaq”.

Müəllif: Turan Abdulla