Prezident Alyaskada, Havayda və ABŞ-ın bütün Sakit okean sahillərində sunami təhlükəsi barədə xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp Alyaska, Havay və ABŞ-ın Sakit okean sahillərində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq edib.
"Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı Havay adalarının bütün sakinləri üçün qüvvədədir. Alyaska və ABŞ-ın Sakit okean sahilləri mümkün sunami müşahidəsi altındadır. Yaponiya da təhlükə altındadır", - Amerika lideri “Truth Social”da yazıb.
Bundan əvvəl Havay ştatının paytaxtı Honolulu şəhərinin yerləşdiyi Oahu adasının hakimiyyəti yerli sakinləri sahilyanı ərazilərdən təxliyə etməyə çağırıb. ABŞ Sahil Mühafizəsi Havay ştatında dayanmış bütün gəmilərə Kamçatkada baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi səbəbindən limanları tərk etməyi əmr edib.