İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tərtərdə baş vermiş partlayışla bağlı birgə məlumat yayıb. AYNA-ya daxil olan məlumatda deyilir:
“Avqustun 29-da Tərtər rayon sakini, 1994-cü il təvəllüdlü Elmir Hüseynli yaşadığı evin həyətində sərxoş vəziyyətdə naməlum mənbədən əldə etdiyi əl qumbarasını partlatması nəticəsində aldığı xəsarətlər səbəbindən vəfat edib. Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
İlkin istintaqla müəyyən edilib ki, E.Hüseynli Tərtər rayonu ərazisində keçirilmiş toy məclisindən sərxoş vəziyyətdə evə qayıtdıqdan sonra, istintaqa məlum olmayan mənbədən əldə etdiyi əl qumbarası ilə özünü partladacağını bildirib, səs-küyə həyətə gələn qonşusu, 1967-ci il təvəllüdlü Fikrət Abbasov onu özünü öldürməkdən çəkindirmək üçün yaxınlaşarkən E.Hüseynli əl qumbarasını partladıb. Hadisə nəticəsində Elmir Hüseynli hadisə yerində vəfat edib, F.Abbasov isə ağır dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.