Təhsil Nazirliyindən təkliflərə reaksiya: <font color=red> Hələ aktual deyil</font>

Cəmiyyət

11.03.2020 - 19:21

Cəsarət Valehov: "İndiki halda məsafədən təhsil verən ayrı-ayrı təhsil platformalarımız var”

 

Tanınmış təhsil ekspertləri uzun müddətdir ki, distant təhsilin Azərbaycanda da tətbiq olunmasnı təklif edirlər. Koronavirus təhlükəsinə görə tədris-təlim müəssisələrində tədris prosesinin dayandırılması distant təhsili yenidən gündəmə gətirib. Mütəxəssislərin fikrincə, indiki məqamda şagirdlərin dərslərdən axsamaması üçün alternativ çıxış yolu distant təhsil ola bilər.

 

Lakin bu barədə təkliflərə baxmayaraq, ölkədə distant təhsilin tətbiqi hələ ki, aktual deyil. Bu barədə AYNA-ya Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib.

 

“Deməzdim ki, yaxın gələcəkdə distant təhsilin tətbiqi nəzərdə tutulmur. Sadəcə indiki məqamda bu barədə məsələ gündəmdə deyil. Distant təhsilin tətbiqində biz də maraqlıyıq. Distant təhsilin müxtəlif qlobal formatları var ki, insanlar istədikləri an onlardan istifadə edərək təhsillərini artıra bilərlər. İndiki halda təqdim etdiyimiz, məsafədən təhsil verən ayrı-ayrı təhsil platformalarımız var”, - Nazirlik rəsmisi bildirib.

 

O, həmin platformalar barədə də məlumat verib: “Təhsil Nazirliyi məlum səbəblərdən yaranmış tətil müddətində uşaqların tədris prosesindən geri qalmaması üçün teledərslər təşkil edir. Bu dərslər "Mədəniyyət" kanalında yayımlanır. Əsas məqsəd də odur ki, bütün sinifləri və fənləri əhatə etməklə əlavə resurs yaradılsın. Təbii ki, bu, bütövlükdə dərs prosesini əvəz edə bilməz. Amma bu, əlavə bir resursdur ki, uşaqlarımız evdə oturaraq televiziya vasitəsilə bu dərsləri izləyə və məşğul ola bilsinlər”.

 

“Həmçinin təhsil portalımız mövcuddur ki, onun milyonlarla istifadəçisi var. Həmin portala çox sayda dərslik yüklənib. Burada da əsas məqsəd odur ki, məktəblərimizə daşına bilən, onlayn dərslik formatı təklif edək. Bu, kifayət qədər yaxşı təcrübədir. Eləcə də virtual – video dərslər təqdim olunur. Şagirdlər bu dərslərdən də yararlana bilərlər”, - deyə C.Valehov qeyd edib.

Müəllif: Rumiyyə Miraslan