Tariximizin “Axırıncı aşırımı”: 6 məhəllədə 600 illik miras - FOTOLAR

Mədəniyyət

09.08.2022 - 18:56

Həkimlər Klinikalar SEO Xidməti

Sakinlər keçmişimizi bacardıqları qədər qorumağa çalışırlar, bircə qalır dövlətin əl uzatması

Paytaxt ətrafındakı çoxsaylı yaşayış məntəqələri sırasında Fatmayı kəndinin özünəməxsus yeri və çəkisi var. Bu sırada Fatmayının yerini və çəkisini yalnız kəndi payi-piyada gəzməklə, sadə insanlarıyla səmimi şəkildə görüşüb fikir mübadiləsi aparmaqla müəyyən etmək olar.

Qədim və darısqal küçələrini gəzdikcə kəndin hansı zəngin tarixə və maddi-mədəni irsə sahib olduğunun şahidi olursan. Bir tərəfdən kənd sakinlərinin səmimiyyəti, digər tərəfdən səmimiyyətin yaratdığı mənəvi zənginlik, habelə maddi-mədəni irsin güvəndiyi qədim tarix kəndin dəyərini hər zaman artırmış olur.

Kinomuzun qızıl fondunda özünəməxsus yeri olan “Axırıncı aşırım” və “Yeddi oğul istərəm” filmlərinin çəkildiyi küçələrlə addımladıqca hər kəs  xəyalən özünü o illərdəki proseslərin sanki aktiv iştirakçısı kimi hiss edir.

Beləliklə, kəndin ağsaqqallarıyla Fatmayı haqqında danışırıq.

Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirlinin təşkilatçılığı ilə kənd ağsaqqalları olan Hacı Səyavuş Əliyevlə və İsabala İsayevlə görüşdüm.  74 yaşlı Hacı Səyavuş Əliyevlə kəndin vaxtı ilə xırmanı olmuş ərazisində, 86 yaşlı İsabala kişiylə kəndin Əlbətdilər məhəlləsindəki evində görüşdük. 

Hacı Səyavuşla bir saata yaxın davam edən söhbətdə kəndin tarixinə, maddi-mədəni irs nümunələrinin mühafizəsinə və bu günədək qorunan adət-ənənələrinə toxunsaq da, söhbətə ilk olaraq kəndin adının necə yaranmasıyla başladıq.

Beləliklə, ağsaqqalın fikrincə, kəndin adı onun coğrafi baxımından  yerləşdiyi strateji əraziylə bağlıdır. Yəni Abşeron yarımadasının məhz bu hissəsində daim meh əsməsi, üstəlik dəniz səviyyəsindən 54 metr hündürlükdə yerləşməsi Fatmayı kəndinin bir növ üzünə “gülüb”.  Habelə kəndin ən hündür yeri olan “Pirsarvan” ziyarətgahının həndəvərində günün istənilən saatında meh əsdiyindən belə güman etmək olar ki, Fatmayı kəndinin adı da məhz “Fəth Mehi” və ya “Mehin fəth etdiyi yer” kimi izahı verilə bilər.

Sözsüz ki, bu bir ehtimal olsa da, əslində həqiqətə daha yaxın olduğunu güman etmək olar. Ağsaqqalın fikrincə, kəndin adının Peyğəmbərin qızı Fatimeyi-Zəhra ilə bağlanılması düz deyil: “Bu gün hər bir ziyalının əsas vəzifəsi tariximizin olduğu kimi təqdim edilməsinə çalışmaq olmalıdır. Qədim tarixi qələmlə deyil, həm də daşlar, qayalar üzərində həkk etməklə yazırlar. Bu gün İçərişəhərdə sərgilənən bəzi üstü yazılı qədim daşların əksəriyyəri məhz Fatmayıdakı qədim qəbiristanlıqdan aparılıb. Hətta daşlardan birinin üstündəki yazı əski əlifba ilə yazıldığından, oxunması mümkün olmadığı üçün geri qaytarılmışdı”.

Hacı Səyavuş deyir ki, istər 18-ci, istərsə də 19-cu  əsrdə kəndin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Abşeronda ən çox münbit torpaq məhz Fatmayı kəndinin  payına düşür. XIX əsrdə kənddə formalaşan əsilzadə bəylərdən olan Rza bəy, Əhməd bəy, Səlim bəy və digər bəylərin əsas məqsədi kəndin məhz münbit torpaqlarını qorumaq olmuşdu. Bunun üçün adıçəkilən bəylər var qüvvələriylə çalışmışlar.

Hazırda kənddə beş məscid fəaliyyət göstərir ki, onun üçü ötən əsrdə istifadəyə verilib. Ancaq bir məscidimizin tarixi lap qədimlərədək gedib çıxır. Qədim qəbiristanlığmızdan aparılan daşların üzərindəki yazılara inansaq, kəndin altı yüz ildən artıq yaşı var. Hələ Şah Abbas dövründə inşa edilən iki karvansaray, qədim hamam, bir ovdan, bir neçə dəvəxana  (dəvə saxlanılan yer) yarıuçuq vəziyətdə olsa da, bu günümüzə gəlib çatıb.

İyirminci əsrin yetişdirdiyi şəxsiyyətlər arasında Qara Qarayevlə, çoxsaylı həkimlər bəxş edən Səlimxanovlarla kəndimiz fəxr edir. Hətta dövlətə daim sədaqətlə xidmət etmiş, lakin müəyyən zaman kəsiyində “bəxti gətirməyən” məmurlarımızı da bura əlavə etsək, onda böyük bir siyahı alınar.

Kəndin torpağı məhsuldar olduğu kimi, insanları da Vətəninə, dövlətinə daim sədaqətlə xidmət edərək məhsuldar işlərlə məşğul olublar. Uzun illər mədəniyyət naziri işləmiş Əbülfəz Qarayevin bu kəndə bir xeyri yalnız qədim məscidimizin bərpasını həyata keçirmək olmuşdu. Amma iyirmi il ərzində çox iş görmək olardı. Qədim abidələrimizin dövlət siyahısına salınmasından başlamış, onların bərpasına və mühafizəsinədək. Bu gün Fatmayı abidələrinin bir qisminin baxımsız vəziyyətə düşməsində hər birimizin - vətəndaşlarımızın və bu işə məsul olan məmurlarımizin öz günah payı var. Nə isə...

Deməliyəm ki, 1973-cü ilədək fəaliyyətdə olmuş Fatmayı hamamının bu gün qəzalı vəziyyətə düşməsi hər birimizi narahat edir. XIX əsrə aid edilsə də, hamamın tarixinin hələ çox qədimlərə getdiyini ehtimal etmək olar. Qara neftlə və xüsusi qurğularla qızdırılan hamamın tarixinin öyrənilməsi, Abşeron yarımadasında xüsusi quruluşu ilə seçilən hamamın bərpası bü gün hər bir fatmayılının ürəyincə olardı.

Kənd ağsaqqalı ilə söhbət  zamanı Bakı tarixində önəmli hadisələrin bir çoxunun öz başlanğıcını Fatmayı kəndindən götürməsinə, keçmiş sovet lideri İosif Stalinin Xəzər dəniziylə kəndə gəlişinə, keçmiş inqilabçılardan olan Dadaş Bünyadzadə ilə əlaqəli maraqlı əhvalatlara da yer ayırdıq. Hacı Səyavuşla söhbətə belə yekun vurduq:

“Dünyada bütün məqamlar üçün ölçü vahidi var. Sadalamaq istəmirəm. Ancaq tarixin ən dəqiq ölçü vahidi zamandır. İnanıram ki, müəyyən zaman çərçivəsində Fatmayı abidələrinin tədqiq edilməsi, qorunması və bərpası müvafiq orqanların da diqqətini çəkəcək”.

Söhbətimiz elə bir ab-havada davam etmişdi ki, bir saatın necə keçdiyini hiss etmədim. Hacı Səyavuşla sağollaşıb ikinci görüşə tələsirəm.

İsabala İsayev 19 yaşından 70 yaşadək işləyib, 16 ildir təqaüddədir. Əmək fəaliyyətinin qırx ilini isə təcili yardım maşınını sürməklə keçirib.  Bu gün kəndinə, camatına yararlı vətəndaş olmağıyla fəxr edir. 1958-ci ilin buraxılışı olan və 1973-cü ildə aldığı “QAZ-21”   markalı “Volqa”sıyla bu gün də xidmətini davam etdirir.

Kəndin məhəllələlərindən danışan həmsöhbətimin maraqlı fikirləri bu məqamda diqqətimi çəkdi:

“Kəndimizin Rəhmanlılar, Gödəklər, Poladlılar, Əlbətdilər, Kolanlılar və Keçəllər məhəllələri var. Bu məhəllələrin hər birinin öz xarakteri olsa da, məqamında bir-birrini tutmağı bacarır.

Kəndimizin zəngin maddi-mədəni irs nümunələri var. Amma Fatmayı hamamının əvəzi yoxdur. Hamamın içərisinə bir neçə pilləkən düşməklə daxil olurdun. Yəni hamamın yarısı yerin altında idi. Özünün kanalizasiya xətti, su quyusu, suyu qızdırmaq üçün gülxanı, yəni qazanxanası var idi. Hamamda eyni zamanda ona yaxın insan çimə bilərdi.

Toyu olan bəyin hamam günü isə maraqlı bir dəstgah idi. Əvvəlcədən bəy evində buna hazırlıq gedir, qohum-əqraba hərəsi bir xonça bağlayıb gətirərdi. Sonra sağ və sol yoldaşıyla hamama gedərdilər.

Bu gün bir çox adət-ənənələrimizi qoruyub saxlaya bilməyimizə sevinirəm. Kəndin qədim hamamının bərpasını görmək ən böyük arzumdur. İki böyük gümbəzi, havalandırma sistemi, təbii işıqlandırması - bütün bunlar həm də qədim memarlıq nümunəsidir. Belə abidələrimizi qorumalı, mühafizə etməli, bərpa etməkliyik ki, gənc nəsil də onu növbəti illərə layiqincə ötürmüş olsun”.

İsabala kişigildə çay süfrəsinə oturası olduq. Az qala bir an içində süfrə üstünə düzülən çoxsaylı nemətləri və gözəl dəmlənmiş çayın ağsaqqalın məhz oğul nəvəsi tərəfindən gətirilməsi diqqətimdən yayınmadı. Xanımların mətbəxdə hazırladıqlarının süfrəyə oğul nəvəsi tərəfindən gətirilməsi və səliqə ilə masaya düzülməsi Fatmayı kəndində  bir çox adət-ənənələrin layiqincə qorunduğundan xəbər verir. Bununla yanaşı  qonaq getdiyimiz evə bələdiyyə sədrinin “əli dolu” getməsi də hər halda kənddə formalaşan və qorunan ənənələrdən hesab edilməlidir.

Beləliklə, Balaxanı və  Ramana kimi qədim qəsəbələrdə mədəni irsimizin qorunmasıyla bağlı dövlət tərəfindən həyata keçirilən layihəni Fatmayı kəndində də davam edirməyi bir təklif kimi irəli sürmək istərdik.

Üstəlik, Fatmayı hamamında əsaslı şəkildə bərpa işlərini apararaq, onu əvvəlki görkəminə qaytarmaqla, həm də ərazini turizm xəritəsinə əlavə etmək olar. Bu addımların atılması bütün fatmayılıların ürəyincə olardı və inanıram ki, özləri də həyata keçirilən işlərə dəstək verərdilər.

Etiraf etməliyəm ki, xeyli müddət qədim kəndin dəyərli insanlarıyla görüşdən aldığım xoş təəssüratın təsiri altına oldum. Açığı, bu görüşlərdə yaranan xoş ovqat hissindən ayrılmaq belə, istəmirdim. Düşünmək olar ki, kənd ağsaqqallarının qaldırdığı məsələlərin həllinə diqqət göstərməyimiz hər birimizin, o cümlədən Mədəniyyət Nazirliyinin həm də vəzifəsi olacaq.

Vüqar Tofiqli,

AYNA üçün

Tariximizin “Axırıncı aşırımı”: 6 məhəllədə 600 illik miras - Tariximizin “Axırıncı aşırımı”: 6 məhəllədə 600 illik miras - Tariximizin “Axırıncı aşırımı”: 6 məhəllədə 600 illik miras - Tariximizin “Axırıncı aşırımı”: 6 məhəllədə 600 illik miras - Tariximizin “Axırıncı aşırımı”: 6 məhəllədə 600 illik miras -
Müəllif: Ayna.az