Razi Nurullayev: “Müvafiq qurumlar özəlləşdirmə payları əlində qalan vətəndaşların müraciətlərinə cavab verməlidir”
Aydın Mirzəzadə: “Özəlləşdirmə çeklərinin əvəzsiz olaraq vətəndaşlara paylanılması ulu öndərin milsilsiz xidmətidir”
Ən bahalı dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə bağlı haqqı tapdanmış vətəndaşların hökumətə şikayət və müraciətləri davam edir. Bəlli olduğu kimi, özəlləşdirmə çeklərinin (vauçer) 2011-ci ildə fərmanla (hansı ki, fərman qanunun önünə keçə bilməz) tədavül müddəti dayandırıldıqdan sonra yüzminlərlə vətəndaşın əlindəki pay qiymətsiz vəziyyətə düşüb, nəticədə bu qədər vətəndaşın haqqı əlindən alınıb.
Ötən həftə özəlləşdirmə çeklərindən istifadə edə bilməyən və halal haqlarından məhrum olmuş bir qrup müharibə veteranı və təqaüdçü Kontitusiya Məhkəməsinə (KM) müraciət edib. Müraciət müəllifləri bəyan edirlər ki, özələşdirmə çeklərinin tədavüldən çıxarılması, əvvəlki qanunların pozulması və fərmanla dövriyyədən çıxarılması qanunaziddir. Onların sözlərinə görə, bu mövzuya KM-də məntiqi yekun vurulmalı, vətəndaşların mənafeyinin ziddinə olan qərarlar qüvvədən düşməlidir. Çünki ortada birbaşa Konstitusiya pozuntusu var.
Eyni zamanda, özəlləşdirmə çekləri əlində qalan bir qrup Qarabağ və əmək müharibəsi veteranları adından Milli Məclisin sədri Sahibə Qafarovaya və parlamentin 35 deputatına da müraciət olunub. Müraicətdə bildirilir ki, onların kütləvi şəkildə hüquqları pozulub və Milli Məclisin deputatları da mətbuata açıqlamalarında bununla bağlı müvafiq dairələrə çağırışlar ediblər. Veteranlar xanım spikerdən və deputatlardan bu məsələdə onlara dəstək olmalarını, problemin həlli istiqamətində səylərini əsirgəməmələrini xahilş ediblər.
Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, bu günlərdə tanınmış hüquqşünas ekspertlərin iştirakı ilə internet televiziyalardan birinin efir məkanında özəlləşdirmə çekləri, onların mahiyyəti, mövcud reallıq və qanunların tələbi mövzusunda əhatəli müzakirə aparılıb. Müzakirə Mübariz Yolçuyev (hüquqşünas, Konstitusiya Məhkəməsinin eksperti), Sübhan Əliyev (Konstitusiya hüququ üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin eksperti), Sərvər Süleymanlı (hüquqşünas, Konstitusiya Məhkəməsinin eksperti), Çingiz Qənizadə (hüquq üzrə fəssəfə doktoru, keçmiş deputat), Həbib Əliyev (hüquqşünas) və Asif Məmmədovun (Vəkillər Kollegiyasının üzvü) iştirakı ilə baş tutub.
Verilişdə mütəxəssislərin hərtərəfli izahatlarının, qanunvericiliyə istinadən verdikləri əsaslandırmaların yekdil rəyi ondan ibarət olub ki, 2011-ci ildən özəlləşdirmə çeklərinin fərmanla tədavüldən çıxarılması Konstitusiya və qanunlara ziddir, sosial ədalətin tapdanmasıdır. Eyni zamanda, hüquqşünaslar Milli Məclisə təklif ediblər ki, deputatlar vətəndaşların adından, haqları pozulmuş seçicilərinin təmsilçiləri kimi məsələ qaldırsınlar, Konstitusiya Məhkəməsinə müraciət etsinlər və problemin həllinə dəstək versinlər.
Göründüyü kimi, problem millət vəkillərinin müdaxiləsini, məsələni hökumət və KM qarşısında qaldırmalarını zəruri edir. Nəzərə alaq ki, son illərdə xeyli sayda deputat özəlləşdirmə çekləri ilə bağlı vətəndaşların haqlı mövqelərini müdafiə edib, bu istiqamətdə rəsmi qurumların hərəkətə keçməli olduğuna dair hökumətə müraciətlər ünvanlayıb. Təəssüf ki, sıravi vətəndaşların, ziyalıların, elm və mədəniyyət xadimlərinin, ictimai-siyasi sferada tanınmış simaların, hüquqşünasların, iqtisadçıların və s. olduğu kimi, parlament üzvlərinin hökumətə çağırışları da cavabsız qalmaqdadır.
Mövzu barədə AYNA-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib ki, hökumət özəlləşdirmə payları ilə bağlı mövzuya yekun vurmalıdır: “O zaman mən də bir gənc kimi, hər ay özəlləşdirmə çekləri almağa vəsait sərf edir, bu yolla öz gələcəyimə kapital qoyurdum. Bu məqsədlə xeyli pul da xərclədim. Çünki bununla bağlı qanunvericilikdə qeyd olunurdu ki, bu vauçerlər vasitəsilə dövlət müəssisələri özəlləşdiriləcək. Fikirləşirdim ki, unikal imkandır və bundan bəhrələnmək lazımdır”.
“Hətta yadımdadır ki, o dövrlərdə özəlləşdirmə paylarının hər ay qiyməti qalxırdı. Sonradan bu proses yarımçıq saxlanıldı. Mənim də vauçerlərim bu gün evdədir. Təbii ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların sayı çoxdur. Onlar səbirsizliklə tarixi ədalətin bərpa olunacağı günü gözləyirlər. Bu məqsədlə müxtəlif dövlət qurumlarına müraciətlər ünvanlayırlar, ölkə ziyalıları da onlarla həmrəylik nümayiş etdirirlər”, - deyə deputat bildirib.
Nurullayev vətəndaşların hökumətə və parlamentə müraciətlərini dəstəkləyir və əmindir ki, gec də olsa, bu mövzuya yekun vurulmalıdır: “Müvafiq dairələr özəlləşdirmə payları əlində qalan vətəndaşların müraciətlərinə cavab verməli, ya tədavül müddətini artırmalı, ya da kompensasiya ödəməklə bu prosesə məntiqi yekun vurmalıdır”.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Aydın Mirzəzadə də vauçerlərlə bağlı haqqı tapdanmış vətəndaşların haqlarının tanınmalı olduğu qənaətindədir. O, AYNA-ya açıqlamasında bildirib ki, həmin vətəndaşların müraciətləri diqqətdən kənarda saxlanılmamalı və özəlləşdirmə çeklərinin tədavül müddəti artırılmalıdır.
“Ulu öndər Heydər Əliyevin ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması ilə bağlı qərarı cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Ümumilli liderin ikinci dəfə hakimiyyətə qayıdışı dağılmış, iqtisadiyyatı məhv olmaq üzrə olan Azərbaycana qurtuluş bəxş etdi. Ulu öndər əsas diqqətini daxili sabitliyin bərpa olunmasına, iqtisadi dayanıqlığın təmin edilməsinə yönəltdi”, - deyə həmsöhbətimiz vurğulayıb.
Mirzəzadənin sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ən mühüm xidmətlərindən biri də əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması ilə bağlı addımı idi: “Bu, ulu öndərin milsilsiz xidmətidir. Bu gün bəzi vətəndaşlarımız var ki, hələ də özəlləşdirmə paylarını saxlayırlar. Onlar müvafiq qurumlara müraciət edirlər. İnanıram ki, aiddiyəti qurumlar özəlləşdirmə payları əlində qalan vətəndaşların probleminin həll olunmasına nail olacaq”.
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Əlavə qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri - QANUNLA verilib!
Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.