Tanınmış yazıçı karantinə etiraz edir: “Azacıq nəfəs dərmək imkanı verin”

Mədəniyyət

02.09.2020 - 23:52

Varis Yolçuyev: “Pandemiya öncə itaət, azadlığın məhdudlaşdırılması, insanlarla ünsiyyətdən çəkinmək, qorxu və nigarançılıq deməkdir”

 

Viruslar müxtəlif laboratoriyalarda elm adamlarının təcrübələrindən keçir və insanların bu viruslardan qorunması, müalicə olunması üçün müxtəlif araşdırmalar aparılır. Lakin bəşərin yeganə laboratoriyası elmi laboratoriyalar deyil. Bədəni sağlam qılmağa adanmış bu laboratoriyalarla yanaşı, ruhu sağlam qılmağa adanmış sənət laboratoriyaları da mövcuddur.

 

AYNA “Koronavirus pandemiyası sənət adamlarının gözü ilə” mövzusunda yazılara davam edir. Mövzu ilə bağlı budəfəki müsahibimiz tanınmış yazıçı Varis Yolçuyevdir.

 

Yazıçı pandemiyanın insan həyatına təsirindən danışır: “Pandemiyanın elan edilməsi - müdhiş bir fəlakətin astanasında olmaq deməkdir. Pandemiya - ilk öncə itaət, azadlığın məhdudlaşdırılması, insanlarla ünsiyyətdən çəkinmək, qorxu və nigarançılıq deməkdir. Pandemiya həm də insanın sabahına bir inamsızlıq, güvənsizlik aşılayır”.

Varis Yolçuyev

Varis Yolçuyev hazırda ölkədə sərt karantinə ehtiyac olmadığını, bəzi məhdudiyyətlərin aradan qaldırılmasının vacib olduğunu düşünür: “Təbii ki, pandemiya - dünya əhalisinin hər hansı yoluxucu xəstəlik təhlükəsinə həyəcan siqnalıdır. Bu siqnal çalındısa, demək bəşəriyyətin təhlükədən qorunmasına ehtiyac yaranıb. Pandemiyaya nə münasibət olasıdır ki?! Son zərurətdən mümkünləşən bir aksiyadır. Bu, müharibə kimi bir şeydir. Müharibədə insanlıq hərbin diktaturasına düşür, burada isə səhiyyənin. O ki qaldı mənşəyini İtalyadan götürmüş karantinə, bəli, tətbiq edilən karantinin növündən asılı olaraq, burada subyektiv münasibət ola bilər”.

 

“Məsələn, məqamı olanda karantin sərtləşdirilməli, məqamı çatanda yumşaldılmalıdır. Amma sərt karantin həyatın iflic olmasını labüdləşdirməməlidir, dövlət öz vətəndaşını hər hansı virusdan qorumaqla onu maddi ehtiyac uçurumuna da yuvarlatmamalıdır. Məncə, hazırkı durumda ölkəmizdə sərt karantinə lüzum yoxdur. İş yerləri təcili açılmalı, rayonlara gediş-gəliş bərpa olunmalıdır. Onsuz da əksər proqnozlara görə, oktyabrın əvvəli 2-ci dalğanın həmləsi gözlənilir, insanlar yenidən evlərinə doldurulacaq. Barı, indi bu yayın son və payızın ilk günlərində insanlara azacıq nəfəs dərmək şansı verilməlidir”, - müsahibimiz bildirir.

 

Yazıçı pandemiyanın dünya ədəbiyyatına ciddi töhfələr qazandıra biləcəyi qənaətindədir: “Alber Kamyunun “Taun”, Joze Saramoqanın “Korluq” romanları epidemiya və pandemiyalar mövzusunda ən gözəl sənət əsərləridir. Ərəb əsilli Amerika kouçu Nassem Talebin bir “Qara qu quşu” nəzəriyyəsi var. Bu nəzəriyyəyə görə, Yeni Zelandiya kəşf edilməyincəyə qədər insanlar elə bilirdilər ki, qu quşları yalnız ağ olur. İlk qara qu quşunu orda gördülər. Qara qu quşu tam gözlənilməzlik deməkdir, bütün məlumların naməlum tərəfinin ola bilməsi ehtimalının mümkünlüyü deməkdir”.

 

“Koronavirus - 21-ci əsr insanı üçün əsl qara qu quşuna çevrildi. Ədəbiyyat üçün bu, əsl mövzu rəngarəngliyidir. Bir baxın: insanlar arasında münasibətlər gərginləşdi, hər kəs digərini özünə yoluxma təhlükəsi mənbəyi hesab etdi. Tibb işçiləri aylarla ailələrindən aralı qalmaqla ağır epikirovkada fədakarcasına xidmət apardılar. Toyların və yasların qadağası uzun illər boyu gələn ehkamları dağıtdı (İnsanın öz ölüsünə yas məclisi qura bilməməsi əsl psixoloji basqıdır). Sərhədlərin bağlanması xalqları özlərinə qapatdı. İş yerlərinin zorən bağlanması günəmuzd işləyənləri fəlakətə sürüdü. İstehsalatların dayanması ətraf mühitin təmizlənməsinə siyarət etdi. Sular duruldu, səma aydınlaşdı. Hətta, mənim 9 yaşlı qızım İşıl demiş, daha təyyarələr uçmur deyə Allahın da qulağı dinc qalıb. Hər biri bir improvizasiya mənbəyi, bir roman mövzusudur. Olsun ki, dünya ədəbiyyatında əsl şedevrlər yaranacaq”, - Yolçuyev vurğulayır.

Müəllif: Bünyamin