“Evrovision”da Azərbaycanla bağlı baş verənlər məqsədyönlüdür, yoxsa texniki xəta?

Mədəniyyət

15.05.2022 - 18:09

Azərbaycanın münsifləri nə üçün müsabiqədən kənarlaşdırılıb?

Ötən gün başa çatan “Evrovision -2022” musiqi yarışmasının rəsmi resursunda Azərbaycan münsiflərinin Ukraynaya 6 səs veridiyi görsənir. Azərbaycanın bu yarışla bağlı münsiflər heyəti isə Ukraynaya 12 bal verildiyini bildirir.

Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova bu qərarın elan edilməsi üçün canlı bağlantının alınmadığını açıqlayıb. O, bu bağlantının qarşı tərəfin günahı ucbatından alınmadığını qeyd edib.

Qarşı tərəf, “Evrovision” təşkilatçıları olan Avropa Yayım Birliyi  isə bununla bağlı rəsmi açıqlama veriblər. Onlar Azərbaycan da daxil olmaqla, 6 ölkənin münsiflər heyətinin səsvermə qaydalarını pozduğunu və manipulyasiya etdiyini bildiriblər. Buna görə də bu ölkələrin münsiflərinin qərarları ləğv edilmiş və qaydalara uyğun olaraq təşkilatçılar əvvəlki mərhələnin nəticələrini əsas götürərək özləri ölkələr üzrə balları qeyd ediblər.

Kimdir günahkar?

Düşünürəm ki burada üç mümkün  variant ola bilər :

1.“Evrovision” kifayət qədər siyasiləşmiş bir yarışmaya çevrilib. Güman ki, siyasi motivlər əsasında, ikili standartlar əsasında yanaşma olub və AYB məqsədyönlü olaraq Azərbaycanın münsiflər heyətinin verdiyi balları nəzərə almayıb və səsvermə qaydalarını pozduğunu bəhanə edərək münsiflərimizi  yarışdan  kənarlaşdırıb

2.Ola bilər ki, bizim münsiflər heyətində səsvermə ilə bağlı fikir ayrılığı olub və bununla bağlı öncədən, nəticələr elan olunandan qabaq  informasiya sızıb. Yarışın qaydalarına görə  bu tip hallarda nəticələr nəzərə alınmır.

3.Güman etmək olar ki, Münsiflər heyəti hansısa səbəblərdən canlı yayımda balları elan etmək istəməyiblər və məqsədyönlü olaraq bağlantı yaratmayıblar.

Yəni, necə deyərlər, səsvermədə məqsədyönlü olaraq iştirak etmək istəməyiblər.

Nə etməli?

AYB artıq rəsmi qərarını verib. Azərbaycanı manipulyasiyada və qaydaları pozmaqda ittiham edib. Münsiflər heyəti isə bunu təkzib edir.

Düşünürəm ki, bu xoşagəlməz proseslərdə Azərbaycanın adı hallandığından Azərbaycan hökumətinin  bu məsələni araşdırması, canlı bağlantıya cavabdeh olan telekommunikasiya operatorlarına sorğular verməsi , münsiflərin iclasının protokollarına və gedişinə baxış keçirməsi  və yekun nəticələr əsasında  rəsmi açıqlama verməsi doğru olardı.

Əgər yuxarıdakılardan 1-ci variant doğru olarsa, onda bir müddət Azərbaycanın bu yarışı rəsmi olaraq boykot etməsi də nəzərdən keçirilə bilər.

Müəllif: Ayna.az