Stereotipləri dağıdan qız - FOTOLAR

Maraqlı

12.09.2023 - 14:37

Həkimlər Klinikalar SEO Xidməti

On altı yaşlı Azra avtomobil təmirçisi olmağı hədəfləyib

İndiki yeniyetmələr, gənclər daha çox rahat yolla oxumaq, qazanc əldə etmək, müasir peşələrə yiyələnmək arzusundadırlar. Türkiyənin Sənaye qəsəbəsindən olan 16 yaşlı Azra Kesmez gələcəkdə avtomobil (maşın) ustası olmağı hədəfləyib. Bəli, bizim təbirimizcə desək, əsl maşın ustası. Sürücülərin həmişə axtardığı “yaxşı maşın ustası”.

Niyə də olmasın?! Qadın da kişi kimi maşın ustası ola bilər - işini sevdikdən sonra.

Əslində, BMT-nin Əhali Fondunun jurnalistlər üçün yazı müsabiqəsində məni qalib edən məqaləm də məhz bu mövzuya diqqət çəkmişdi. “Cinsiyyətimi neyləyirsən, görüdüyüm işə bax” başlıqlı məqaləm.

Təşkilatın xətti ilə Türkiyədə səfərdə olduğum müddətdə 5 yaşlı “Haber Global” TV-nin ikigünlük işi ilə tanış olmaq fürsətim oldu. Elə ilk gündə təcrübəli reportyor Ela Sezenlə təlimat üzrə əvvəldə sözünü etdiyim Azra Kesmezlə süjet hazırlamaq üçün çəkilişə getdik.

Həmkarım Ela işlədiyi kanalda qadın və qızlara yönəlik xəbərlərin üstünlük təşkil etdiyini, çox halda nümunəvi xanım qəhramanları da ekrana çıxaranlardan biri olduğunu bildirdi: “Cəmiyyətdə qadınlara, qızlara qarşı cinsi ayrıseçkiliyin qarşısının alınmasında medianın rolu böyükdür”.

Telejurnalist Ela bildirdi ki, bu reportajının da qəhrəmanını özü tapıb.

Bizi çəkiliş məkanına aparan taksidən düşüb avtomobil təmirxanasına daxil olduq. Əvvəlcə təmirxananın aparıcı ustası Ünal Akla görüşdük. İndiki zamanda hələ də Azərbaycandakı kimi bənzər stereotipləri olan Türkiyədə qız tələbəni işə götürən şəxsə veriləcək çox sual vardı. 

Ustanın dediklərindən belə çıxdı ki, kişilərin üstünlük təşkil etdiyi bu sektorda qadınların olması çoxuna hələ də təəccüblü gəlir: “Bəli, bu reaksiyalar hələ də var və artıq məni təəccübləndirmir. Azranın atası da bu sahədə işləyən biri olub deyə, qızını bizə əmanıt edib. 16 yaşı olmasına baxmayaraq, Azra çox bacarıqlı və işi tez mənimsəyən biridir. Əbəs yerə onu yanımızda öyrətmirik. Əvvəllər də tələbələrimiz olub, bizim üçün qız və ya oğlan tələbənin olması fərq etmir, bizə bu sənəti sevən, maraq göstərən biri olması vacibdir. Bir də bu sahədə az sayda da olsa, qadın ustalarımız var. Məncə, onlar kişilərdən daha diqqətli və qabiliyyətlidirlər”.

Çəkiliş zamanı qəhrəmanımız Azra ilə dialoqumuz oldu. Onun sözlərinə görə, peşə məktəbində motor bölməsinin tələbəsidir, həm təhsil alır, həm də praktika üçün təmirxanada işləyir. Daha çox kişi sürücülərin və kişi ustaların olduğu bir yerdə işləməsi artıq onu qorxutmur. Ailəsi tərəfindən anlayışla qarşılanır, dəstək görür, “maşın təmiri qadın işi deyil” düşüncəsini isə heç yaxına da buraxmır.

Azra ilə söhbətimizdə məlum oldu ki, onun əkiz qardaşı var. Adamda dərhal belə sual doğur: oğlan əvəzinə qızda maşına, maşın təmirinə maraq niyə olsun ki? Sözsüz, bu da onu bir daha göstərir ki, sənəti sevməyi cinsə görə, cinsə görə isə sənəti sevməyi biz təyin edə bilmərik. İzn verək, hər kəs cinsindən asılı olmayaraq öz sevdiyi işlə məşğul olsun.

Haber Global-ın Azra Keskinlə hazırladığı videosejet:

Bu arada “Haber Global”ın işi ilə də bağlı təəssüratlarımı bildirmək istəyirəm. “Haber Global” telekanalı (HG) 44 günlük müharibə zamanı göstərdiyi telereportyor xidməti, operativ, çevik fəaliyyəti ilə daha çox yaddaşlarımızda qalıb. Kanal bu gün də Azərbaycan kanalları ilə sıx əməkdaşlıq qurub, tez-tez informasiya mübadiləsi edilir.

TV kanalın ən böyük hədəfi peşəkar xəbər kanalına çevrilməkdir. Azərbaycan tamaşaçısı Türkiyə kanallarını daha çox şou proqram və şou xəbərçilik formatında görür, əslində ciddi xəbər üzərində işini quranlar da var.

HG beş il ərzində ölkənin ən peşəkar xəbər aparıcısını, şərhçisini, televizya üzrə peşəkarlarını bir araya toplaya bilib. Sutka ərzində gündəm üzərində nəzarətə malikdir, peşəkar jurnalist və komandanın toplaşdığı kanalda hər kəs işini gözəl bilir, informaiya təminatı üçün həmrəylik mövcuddur.

HG-nin ayrı-ayrı departamentlərini yaxşıca müayinə etmək fürsətim oldu. Müxbirlər arasında kişilərlə yanaşı, xanım əməyinə üstünlüyün verilməsi qənaətbəxşdır. İdman, iqtisadi, siyasi xəbərlərin hazırlanmasında məsul şəxslər olan xanımlar da var. Texniki qrupda videomontajçıların yarısı xanımlardır. Xəbər proqramlarında məsul şəxslər, xəbər koordinatorları jurnalistlər Mücahit Topçu, Halil İbrahim Erdoğan, Murat Karataş, Esma Murat, Tuğba Demirtaşın, SMM şöbəsinin rəhbəri Ali bəyin və digər peşəkarların işini canlı izləmək, onlarla ünsiyyət maraqlı idi.

Qeyd edim ki, “Haber Global”da qısamüddətli təcrübə proqramımı kanalın İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Yonca Baltaoğlu və şöbənin əməkdaşı Gülay Selekman İnceler təşkil və təmin edib.

Stereotipləri dağıdan qız - Stereotipləri dağıdan qız - Stereotipləri dağıdan qız - Stereotipləri dağıdan qız - Stereotipləri dağıdan qız -
Müəllif: Raminə Eyvazqızı