“Şimal axını”ndakı partlayışla bağlı yeni iddia - ABŞ məxfi əməliyyat hazırlayıb?

Dünya

09.02.2023 - 22:16

Amerikalı hüquq müdafiəçisi: “ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları "Şimal axını"nın altına bomba qoyublar”

Amerikalı hüquq müdafiəçisi və jurnalist araşdırmaları üzrə ixtisaslaşmış ekspert Seymur Herş sensasion məqalə ilə çıxış edib. Jurnalist məqaləsində iddia edib ki, ABŞ “Şimal axını” boru kəmərlərini partladıb. Ekspert əməliyyatı təsvir edib.

Jurnalistin sözlərinə görə, əməliyyatı ABŞ Hərbi Dəniz Qüvvələri həyata keçirib və bombaların quraşdırılması üçün sualtı qayıqlardan istifadə edilib.

İddiaya görə, əməliyyat 2021-ci ilin sonunda planlaşdırılmağa başlayıb. Planın hazırlanmasına ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan təşəbbüs göstərib. Müzakirələrdə ABŞ dövlət katibi Entoni Blinken və onun müavini Viktoriya Nuland da iştirak ediblər.

Herş hesab edir ki, Prezident Co Bayden əməliyyatdan xəbərdar olub.

Hərbi Dəniz Qüvvələri əvvəlcə boru kəmərinə torpedo hücumu üçün sualtı qayıqdan istifadə etməyi təklif edib, Hərbi Hava Qüvvələri isə zamanla partlayan bombalardan istifadə etməyi məsləhət bilib. Lakin ABŞ Mərkəzi Kəşdiyyat İdarəsi (MKİ) daha gizli variantın həyata keçirilməsində israr edib.

“Mərkəzi Kəşdiyyat İdarəsinin direktoru Uilyam Börns öz departamentində hadisənin planlaşdırılması ilə məşğul olan işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Nəticədə partlayıcı qurğular quraşdırmalı olan dərin sualtı dalğıclardan istifadə edərək əməliyyat keçirməyə qərar veriblər”, - deyə ekspert açıqlayıb.

Jurnalistin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi Amerika xüsusi təyinatlılarını prosesə cəlb edə bilməzdi: “Çünki bu halda əməliyyat Konqresə bildirilməli idi. Lakin İdarə əməliyyatın hazırlanmasını və həyata keçirilməsini gizli saxlamaq istəyirdilər. Planlaşdırmada MKİ-nin SSRİ Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən rabitə üçün istifadə olunan sovet hərbi kabelinə dinləmə qurğusunu quraşdırmağa müvəffəq olan 1971-ci il əməliyyatının təcrübəsindən istifadə edilib”.

Məqalədə daha sonra qeyd edilir: Təxribat BALTOPS 2022 təlimi kimi maskalanıb. Amerikalılar Norveç hərbi dənizçiləri ilə birlikdə yeri əvvəlcədən seçiblər. Partlayıcı qurğu elmi element adı altında dalğıclar tərəfindən yerləşdirilib, hansı ki, bura tədqiqat və eksperimental layihə işləri daxildir. Detonatorlar istənilən vaxt təyyarədən yerə endirilə bilən xüsusi “ultrasəs şamandırası”nın köməyi ilə uzaqdan işə salınıb.

Herş xatırladır ki, partlayış 2022-ci ildə sentyabrın 26-da Amerika donanması təlimlərin keçirildiyi ərazini tərk etdikdən sonra baş verdi: “Əla əməliyyat idi. Kiçik bir istisna olmaqla, heç bir şəraitdə keçirilə bilməzdi”. Bu sözləri MKİ-nin anonim əməkdaşı deyib

S.Herşin sözlərinə görə, Ağ Ev və MKİ nümayəndələri Rusiya aid qaz kəmərlərində baş verən partlayışlarla əlaqəsi olduğu barədə məlumatı təkzib edərək, bunu yalan və uydurma adlandırıblar.

Şərh tələb olunan Ağ Evin sözçüsü Adrian Vatson elektron poçtunda "Bu, yalan və tamamilə uydurmadır", yazıb. MKİ nümayəndəsi Tammi Torp da analoji şəkildə yazıb: “Bu bəyanat tamamilə və tamamilə yalandır”, – jurnalist məqaləsində qeyd edir.

Qeyd edək ki, 27 sentyabr 2022-ci il səhəri “Nord Stream AG” şirkətin Baltik dənizinin dibi ilə Almaniyaya uzanan iki qaz kəmərinin - "Şimal axını" və "Şimal axını-2"nin görünməmiş şəkildə məhv edildiyini açıqlayıb. Daha sonra xəbər yayılıb ki, alman müstəntiqləri “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışların arxasında Qərb ölkələrindən birinin nümayəndələrinin ola biləcəyini etiraf ediblər.

Qərb ölkələri və ittihamlar arasında adı çəkilən ABŞ isə bu ittihamları tamamilə rədd edib.

Müəllif: Turan Abdulla