Saakaşvilinin oğlu: “Atamın Gürcüstana qayıtması çox böyük səhv idi”

Dünya

28.07.2022 - 16:37

Eduard Saakaşvili: "Məndə belə təəssürat yaranıb ki, insanlar Saakaşvilini gələcəyin lideri kimi qəbul etmirlər"

“Atam gəldi və biz fəlakətli vəziyyətə düşdük. Bu, çox böyük səhv idi”. Bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili "Pirveli" TV-yə müsahibəsində bildirib.

Oğul Saakaşvili sabiq Prezidentin səhhəti ilə bağlı məsələlərin “siyasətsizləşdirilməsi”nin zəruriliyindən danışıb. Eyni zamanda, Eduard son vaxtlar atasının son vaxtlar Gürcüstandakı siyasi proseslərə çox da təsir və müdaxilə etmədiyini vurğulayıb.

“Onun Gürcüstan siyasətindəki rolu gələcək üçün qeyri-müəyyəndir. Onun hakimiyyətə qayıtması üçün nə baş verməlidir, bu barədə nəsə deyə bilmirəm. Təsəvvür etmək mənim üçün bir az çətindir və düşünürəm ki, atam özü də bunu başa düşür. Mən atama baş çəkəndə şahidi oldum ki, ancaq Ukrayna televiziyalarına baxır, oradakı prosesləri izləyir. Düşünürəm ki, atam Ukraynada gürcüstandakından daha yaxşı gələcəyə sahib ola biləcəyini anlayır”, – oğul Saakaşvili əlavə edib.

Sabiq Prezidentin 27 yaşlı oğlu daimi olaraq xaricdə yaşayır. Onun sözlərinə görə, Gürcüstanda olduğu bir həftə ərzində onda belə təəssürat yaranıb ki, insanlar Saakaşvilini gələcəyin lideri kimi qəbul etmirlər: “Anamla mən bir müddət Gürcüstanı gəzdik. Məni tanıyan adamlar küçədə soruşurlar - Mişa necədir? Hiss edirəm ki, atamın səhhəti ilə bağlı cəmiyyətdə geniş narahatlıq var. Bununla belə, səs tonlarından hiss edirəm ki, onların çoxu üçün atam gələcəyin lideri və ya buna bənzər bir şəxs deyil”.

Qeyd edək ki, M.Saakaşvili Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı səs-küylü işdə və keçmiş deputat Valeri Qelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.

Büdcə vəsaitlərinin mənimsənilməsi, etiraz aksiyasının dağıdılması və 2007-ci ilin noyabrında “İmedi” telekanalına müdaxilə ilə bağlı işlərə isə baxılır. Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə də ittiham olunur.

Xatırladaq ki, sabiq Prezident 2021-ci ilin payızında keçirilən bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb. Bundan sonra Saakaşvili saxlanılıb və həbs edilib. Sabiq Prezidentin səhhəti həbsxanada keçirdiyi iki aclıq aksiyasından sonra xeyli pisləşib. Saakaşvili hazırda Tbilisidəki “Vivamed” klinikasında mühafizə altında müalicə olunur.

Müəllif: Turan Abdulla