“Laçın dəhlizi ətrafında baş verənlər sülh müqaviləsi üzərində işi çətinləşdirir”
“Laçın dəhlizi ətrafında baş verənlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Şübhəsiz ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün enerji ilə səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpa olunmasına ümid edirik”, - nazir müavini qeyd edib.
Qaluzinin sözlərinə görə, əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin: “Rusiya tərəfi oktyabrın 31-də Soçi görüşünün yekunlarına dair Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesinə kömək etməyə hazırdır”.