Rəsmi Bakı Ermənistanın təxribatı barədə bəyanat yayıb

Siyasət

20.03.2023 - 19:24

XİN: "Ermənistandan son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi tələb edirik”

“Ermənistan tərəfinin növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənistan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımlara son qoymağı tələb edirik”.

AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin Ermənistan tərəfindən Azərbaycanla sərhədyanı bölgədə bu gün törədilmiş hərbi təxribatına dair bəyanatında bildirilib.

“Ermənistan tərəfi Avropa İttifaqının mülki monitorinq missiyasının ərazisində yerləşməsindən bölgədə gərginliyi artırmaq və hərbi təxribatlarını ört-basdır etmək məqsədilə sui-istifadəyə son qoymalıdır.

Ermənistanda sözügedən missiyanın mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsi zəruridir. Bölgədə Azərbaycanın apardığı sülh quruculuğu tədbirlərinə qarşı təxribatlara görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən verilmiş məlumata əsasən, martın 20-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən DSX-nin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutması nəticəsində bir nəfər hərbi qulluqçumuz yaralanıb.

Müəllif: Ayna.az