Qətli törətməkdə meyxanaçı şübhəli bilinir
Noyabrın 9-u saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə Qaradağ Rayon Prokurorluğuna məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun (Dağlı) şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
Qeyd edək ki, R.Əmirov Dağlı ləqəbi ilə məşhur olan meyxanaçıdır.