Ramiz Məlik dəfn olunub

Mədəniyyət

14.12.2023 - 15:01

Xalq artisti İkinci Fəxri xiyabanda torpağa tapşırılıb

Bu gün səhər saatlarında vəfat edən Xalq artisti Ramiz Məlik ilə Heydər məscidində vida mərasimi keçirilib. AYNA xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, Xalq artisti onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın “Yad adam” (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…”(Adil) , Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az