“Bəlkə kiminsə yazığı gəlib bizə dəstək olar...”

Mədəniyyət

13.01.2020 - 22:00

Həkimlər Klinikalar SEO Xidməti

Elcan Rəsulov: “Teatrdakılar hələ böyüsünlər, teatrlara yerləşməsinlər və birdən hansısa partlasın ki, yer boşalsın

 

AYNA-nın müsahibi “Baba”, “Yaşka” kimi obrazları ilə tanınan aktyor Elcan Rəsulovdur. O, yaradıcılığından və qarşıdakı planlarından danışıb:

 

- Elcan bəy, bir müddət öncə Estrada Teatrının yenidən bərpa olunması ilə bağlı xəbər yaymışdınız. Amma sonradan heç bir xəbər çıxmadı. Nə baş verdi?

 

- Estrada Teatrı Bakı Şəhər Mədəniyyət İdarəsinin tabeliyində idi. Mədəniyyət Nazirliyi 20-25 ştatdan ibarət bir yer ayırmışdı. Sonradan Bakı Şəhər Mədəniyyət İdarəsindən bildirdilər ki, Mədəniyyət Nazirliyi ştat üçün pul ayırmır. Teatr özü-özünü saxlamalıdır. Bir sözlə, özümüz-özümüzü idarə etməli idik. Biz də özümüz-özümüzü idarə edə bilmədik. Biz haradan qazana bilərdik ki, teatrı saxlayaq? Teatrda işləyən akyorlar da 150-170 manat maaş alırdılar. Hətta mən ştatda da deyildim. Teatrın rəhbərliyi mənim maaşımı öz cibindən verirdi. Çünki ştatda yer yox idi. Ona görə də teatr dağıldı. Bir neçə il sonra Bakı Şəhər Mədəniyyət İdarəsinin müdiri dəyişdi. Onlar yenidən teatrı bərpa etmək istədilər. Çox sevindim. Hətta aktyorlar 180 manat maaşa işləməyə də razı idilər. Amma sonradan idarədən bildirdilər ki, “yenə alınmadı”.

 

Bizim yaş qrupunun aktyorları kinolara, kinoteatrlara tamaşaçı cəlb edənlərdir. Bizə imkan yaratsaydılar, teatrlara da tamaşaçı cəlb edə bilərdik. Sadəcə bizə bir azca dəstək olmaq lazım idi. Yəqin Mədəniyyət Nazirliyi belə xırda işlərə baş qoşmaq istəmir. Daha böyük işlər görməklə məşğuldurlar. Əgər özüm-özümü idarə edəcəmsə, niyə kiminsə tabeliyində olmalıyam? Gedib özəl teatr yaradaram. Hamı da bilər ki, pulum yoxdur. Bəlkə onda kiminsə yazığı gələr və bizə dəstək olar.

 

- Bu gün müğənnilərin əksəriyyəti həm aparıcılıq edir, həm filmə çəkilir, həm də mahnı oxuyur. Eyni şeyi aktyorlara, aparıcılara da şamil etmək olar. Bunu necə qarşılayırsınız? Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olmazmı?

 

- Əslində hərə öz işi ilə məşğuldur. İncəsənət ilə məşğuldurlar. Sadəcə onlar özlərini bir neçə yerə parçalayırlar. Sonra həmin yöndən onlara müraciət olunanda xətirlərinə dəyir ki, “mənə niyə belə müraciət etdilər”. Mən estrada aktyorluğu fakültəsini bitirmişəm. Mənə bu gün gözəl müğənni deyərək müraciət etsələr, xətrimə dəyər. Bəli, mən oxuyuram. Hətta çox oxuyanlardan daha yaxşı oxuyuram, çox meyxana deyənlərdən daha yaxşı meyxana deyirəm. Amma mənim sənətim aktyorluqdur. Nə müğənniyəm, nə də meyxanaçı. İstəsəydim, özümü meyxanaçı kimi 3-4 ayın içində tanıdardım və yaxşı pul qazanardım. Amma ona iş kimi yox, hobbi kimi yanaşmışam. Mən aktyoram və bu işlə konkret məşğul oluram.

Təranə Xudabaxşiyeva


Simurq

Dünən, 16:45 Mədəniyyət