Qonşum ət yeyir, mən kələm – orta hesabla biz kələm dolması yeyirik

İqtisadiyyat

21.07.2023 - 10:25

Rəsmi statistika maaşlarımızın artımı haqqında sevindirici məlumat verir, amma...

Bütün bu illərin statistikası Azərbaycanda maaşların artımı haqqında sevindirici məlumatlar verir. Lakin, faktiki olaraq, vəziyyət on il əvvəlki səviyyədə qalır. Bu problemə dəfələrlə artan qiymətləri də əlavə etsək, belə çıxır ki, əhalinin real gəlirləri xeyli aşağı düşüb.

Gəlin bir daha Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına daha yaxından nəzər salaq. Rəsmi məlumatlara əsasən, Azərbaycanda orta aylıq nominal əmək haqqı 2023-cü il iyunun 1-nə 916,8 manat (cari məzənnə ilə 539,3 dollar) təşkil edib. Gözlənildiyi kimi, yeni göstərici ötən ilin eyni ayları üçün eyni göstəricini 11,1% üstələyib. Biz uzun-uzadı müzakirələrə getməyəcəyik, sadəcə olaraq bugünkü orta əmək haqqını on il əvvəl alınan maaşla dollar ekvivalenti üzrə müqayisə edəcəyik.

Belə ki, indi orta aylıq əmək haqqı daimi artım nəticəsində 539,3 dollar təşkil edirsə, hələ on il əvvəl, 2013-cü ildə azərbaycanlıların dollarla hesablasaq, orta əmək haqqı daha yüksək olub və həmin statistikaya görə 541,4 dollar təşkil edib. İndi isə müqayisəli təhlilin nəticələrinə nəzər salaq.

Statistikaya görə, 2011-ci ildə azərbaycanlıların orta əmək haqqı 460,2 dollar; 2012 - 506,4 ABŞ dolları; 2013 - 541,4 ABŞ dolları; 2014 - 567,6 ABŞ dolları; 2015 - 452,9 dollar; 2016 - 313,3 dollar; 2017 - 306,7 dollar olub. Göründüyü kimi, manatın ucuzlaşması və sürətlə gedən devalvasiya vətəndaşlarımızın gəlirlərini 2014-cü illə müqayisədə azaldıb. Son on ildə respublikada orta nominal əmək haqqı nəinki artmayıb, əksinə, indi-indi 2013-cü ilin səviyyəsinə yaxınlaşıb.

Lakin bütün bu müddət ərzində qiymətlər bir yerdə dayanmayıb - yalnız koronavirus pandemiyası illərində dünyada və ölkəmizdə ərzaq inflyasiyası da rekord qırıb. İstehlak səbətinin bəzi ilkin məhsullarının qiymətləri iki dəfə artıb. Alıcıların fikrincə, ərzaq inflyasiyası onların ailə büdcəsinə güclü təsir göstərib.

Evdar xanım Aynur Vəliyeva deyir: “İndi qiymətlər o qədər sürətlə artmasa da, son illərin bahalaşması ailə büdcəmizə bəs deyincə zərbə vurdu. Nəticədə bir kiloqram ətin maya dəyəri təxminən iki dəfə bahalaşıb, süd və çörəyin, dənli bitkilərin, yağın qiyməti qalxıb. Artıq paltarlar, kommunal xidmət və daha çox şey haqqında susuram. Ailəmizdə ancaq ərim işləyir, mən isə azyaşlı uşaqlara baxmalı oluram, ona görə də bəzən onun maaşı ən zəruri şeylərə belə çatmır”.

İki il əvvəl şəhər sakini Elnur Əliyev 11 manata yaxşı ət alırdı - indi eyni keyfiyyətdə olan məhsul bundan xeyli baha başa gəlir: “Hətta adi çörək belə, iki dəfə bahalaşıb. 900 manat maaşla dolanmaq demək olar? Bu pul dörd nəfərdən ibarət ailəmizə yemək almağa güclə çatır. Odur ki, lazım olan digər tələbat mallarına, kommunal xidmət, dərmanlar, paltarlar üçün əlavə pul qazanmalısan”.

Onu da başa düşmək lazımdır ki, DSK-nın hesablamalarında ən çox istifadə etdiyi orta nominal əmək haqqı obyektiv hesablama deyil. Onların məntiqinə görə, əmək haqqı köhnə lətifədəki kimi hesablanır - bəziləri ət yeyir, bəziləri kələm və orta hesabla insanlar kələm dolması yeyirlər.

Mütəxəssislər median əmək haqqının hesablanması metodunu daha obyektiv hesab edirlər - bütün iş yerlərini iki bərabər hissəyə bölən dəyər: 50% bu dəyərdən aşağı, 50% isə yuxarı  maaş alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu nadir hallarda qeyd edir - mart ayına olan məlumata görə, median əmək haqqımız 424 manat (249,4 dollar) təşkil edib.

İl ərzində ölkədə orta əmək haqqı 4,7% və ya 19 manat artıb. Özəl və dövlət sektoru, eləcə də Bakı və regionlar üzrə bu göstərici barədə məlumat verilmir. Mart ayına olan məlumata görə, rəsmi olaraq işçilərin yarısı, yəni 867 min nəfər 424 manatdan aşağı əmək haqqı alıb ki, bu da ölkədəki orta əmək haqqının təxminən yarısı deməkdir.

Dövlət Statistika Komitəsinin 2023-cü il iyunun 1-nə olan məlumatına görə, iqtisadiyyatın dövlət sektorunda 898,6 min nəfər, qeyri-dövlət sektorunda 827,7 min nəfər muzdla işləyib.

Müəllif: Emma Rzayeva