Qonşuda koronavirus həyəcanı: "Buraya gəlməyin və buradan kimsə çıxmasın"

Dünya

25.02.2020 - 13:25

Bir neçə şəhərdə məktəblər və universitetlər bağlanıb, Tehranın ictimai nəqliyyat sistemi dezinfeksiya edilib

 

Dünən İranın Qum şəhərinin millət vəkili Əhməd Əmirabadi İranda koronavirusdan (Covid-19) ölənlərin sayının 50-yə çatdığını, Tehran rəhbərliyinin isə real faktları gizlətdiyini iddia etmişdi. İran parlamentinin sözçüsü Əsədullah Abbasi isə millət vəkilinin bu iddiasını təkzib etmişdi: “Bütün ölkədə 47 nəfərə Covid-19 diaqnozu qoyulub. Təəssüf ki, indiyə qədər onlardan 12-si ölüb”.

 

Bugünkü rəsmi məlumatlara görə isə İranda koronavirus səbəbindən ölənlərin sayı 14 nəfərə çatıb.

 

Tehran sakini M.Alizadənin (müəyyən səbəblərdən ad şərtidir) AYNA-ya verdiyi məlumata görə, İranda vəziyyət çox gərgindir: “Tehranda da koronavirusa yoluxanlar var. Artıq məmurlar virusun bütün ölkəni cənginə ala biləcəyini qəbul edirlər. Və yaxşı bilirlər ki, virusun yayılmasının qarşısını ala bilməyəcəklər. Buna görə də bir neçə şəhərdə məktəblər və universitetlər bağlanıb, Tehranın ictimai nəqliyyat sistemi dezinfeksiya edilib”.

İran vətəndaşının sözlərinə görə, ölkədə ciddi bahalaşma baş verib: “Apteklərdə maska, tibbi əlcək, dettol (tibbi spirt əvəzi) tapılmır. Maska üç min riala idi (0.12 AZN), indi tapılsa, 50.000 (2.02 AZN), 60.000 (2.42 AZN) rialdır. Bəzi yerlərdə, hətta 100 min (4.04 AZN) riala da satırlar”.

 

“Təkcə tibbi ləvazimatlar bahalaşmayıb. Bahalaşma bütün sahələri əhatə edib. Ən çox da ət, toyuq bahalaşıb”, - deyə M.Alizadə qeyd edib.

 

Virusun ilk olaraq qeydə alındığı Qum şəhərində isə vəziyyətin daha təhlükəli olduğu bildirilir. Bu barədə  şəhərdəki yerli xəbər agentliyi tərəfindən atılmış tvitdə deyilir: “Qumda vəziyyət çox pisdir. Quma gəlməyin və heç kim Qumdan çıxmasın. Qum bağlanmalıdır. Burada çox sayda tibbi yardıma ehtiyacımız var. Düşünmürük ki, şəhərdə tibb işçilərimizin kifayət qədərdir”.

 

Yerli hökumət rəsmisi Barham Sarmast isə karantinin çıxış yolu olmadığını deyir: “Qumu karantinə almaq koronavirusun yayılmaması üçün effektli üsul deyil, daha təsirli yollar axtarmalıyıq. Qum coğrafi cəhətdən ölkənin 17 əyalətinin kəsişməsində və ziyarət mərkəzində yerləşir. Karantin strategiyasını qəbul edə bilsəydik, artıq bunu greçəkləşdirmiş olardıq”.

 

Qeyd edək ki, koronavirusun sürətlə yayılmasına görə, Azərbaycanla yanaşı İraq, Türkiyə və Əfqanıstan da İranla sərhədlərini bağlayıb. İran mediasının yazdığına görə, ölkədə teatr seansları ləğv edilib, məktəblər bağlanır, futbol matçları tamaşaçısız oynanılacaq. Həmçinin İrandan İraqa dini ziyarətlər də dayandırılıb.

Kembric Universitetinin Yaxın Şərqdəki ictimai səhiyyə üzrə mütəxəssisi doktor Adam Koutts bildirib ki, İraqın səhiyyə sistemi çox zəif olduğu üçün virus ictimai sağlamlığa böyük təhlükə yaradır: “Bu, potensial olaraq minlərlə insanı məhv edə bilər. Ölkədəki qaçqın əhalini nəzərə almalıyıq. Düşündüyümüz əsas məsələ koronavirusun Suriya və İraqdakı qaçqın əhali arasında yayılmasıdır. Artıq ciddi sanitariya və tibbi xidmət çatışmazlığı var”.

 

Bazar ertəsi İraqın Nəcəf şəhərində yerləşən İmam Əli məscidində virusun yayıldığı müəyyənləşdirilib. Nəticədə yerli səhiyyə işçiləri İmam Əli məscidini bağlayaraq dezinfeksiya ediblər. O cümlədən İraqda son həftələrdə İrandan qayıdanları yoxalamağa və təcili müayinə üçün çağırış etməyə başlayıblar. Xüsusilə şiə zəvvarların virusu özləri ilə birlikdə evlərinə apara biləcəkləri ehtimal olunur.

Müəllif: Rumiyyə Miraslan