Qondarma rejim Ağdam-Xankəndi yolundan istifadəyə razılaşıb?

Aktual

23.08.2023 - 13:23

Arutunyan Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması, ticarətin aparılması barədə “qərar” qəbul edildiyini açıqlayıb

Ermənistanın “Hraparak” qəzeti yazır ki, Qarabağdakı qondarma rejimin “rəhbəri” Araik Arutunyan dünən “Təhlükəsizlik Şurasının” iclasında Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması, ticarətin aparılması barədə “qərar” qəbul edildiyini açıqlayıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Qeyd olunub ki, Arutunyan “qərarın” harada və nə vaxt verildiyini dəqiqləşdirməyib.

“İndi “Artsax prezidenti” bu məsələni müzakirəyə çıxarmaq əvəzinə, reallıq kimi təqdim edir. Bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün əvvəlcədən Karen Matevosyanın rəhbərlik etdiyi “milislərin” “etirazı” təşkil edilib. Bu silahlı qrup, çox güman ki, yaxın vaxtlarda bu yolda ucaldılan sədləri sökməyə cəhd edəcək. Arutunyan bildirib ki, bu yolda ticarət “qismən” olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar oradan keçəcək, ərzaq Laçın vasitəsilə Rusiya sülhməramlıları tərəfindən gətiriləcək. Lakin bu, Laçın yolunun tam işləyəcəyi anlamına gəlmir. Bununla “Artsax” sakinlərinin hərəkəti məhdudlaşdırılacaq”, - deyə qəzet qeyd edib.

İddiaya görə, Arutyunyan onu da bildirib ki, növbəti mərhələdə Azərbaycandan da alınacaq qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır.

“O, təsəvvür edir ki, bununla Azərbaycan guya güzəştə gedir və bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismar olunmasını tələb edir. Söhbət “Artsax”da “Biz və bizim dağlarımız” abidəsinin altından keçən məşhur dolama yolundan gedir. Bu məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda yenidən görüşmək qərara alınıb. Mənbələrimiz “Təhlükəsizlik Şurasının” iclasında Samvel Babayanın da iştirak etdiyini, “parlament müxalifəti”nin dəvəti rədd etdiyini bildirir”, - qəzet yazıb.

Qeyd edək ki, Azərbaycan bir müddətdir ki, Laçın yolunu qanunsuz yüklər daşındığına görə bağlayıb. Əvəzində rəsmi Bakı yüklərin Xankəndiyə Ağdam yolu ilə daşınmasını təklif edib. Ermənistan və Qarabağdakı qondarma qurum isə bunu qəbul etmir.

Müəllif: Turan Abdulla

GÜLSÜM

Dünən, 22:14 Yazarlar