“Qiyamət ayı” yaxınlaşır: Manatdan bərk yapışmalı, ya dollardan?

İqtisadiyyat

01.10.2019 - 10:16

Samir Əliyev: “Stabil valyuta o valyutadır ki, onun arxasında dayanan iqtisadiyyat bir resursdan asılı deyil”

 

2019-cu ilin sonuna doğru gedirik. Son bir neçə ildə ölkə vətəndaşları dekabrı, az qala "qiyamət ayı” kimi xatırlayırlar. Daha doğrusu, devalvasiya və qiymət artımlarının baş verdiyi ay kimi...

 

Bu ilin dekabrında bizi hansısa sürprizlər gözləyirmi? Milli valyutamızla bağlı nə kimi gözləntilər var? AYNA əməkdaşı mövzu ətrafında iqtisadçı-ekspert Samir Əliyevlə həmsöhbət olub:

 

- İlin sonunda psixoloji olaraq insanlarda müəyyən bir gərginlik yaranır ki, növbəti devalvasiya ola bilər. Amma əgər devalvasiya olacaqsa, bunun ayın sonuna, əvvəlinə, ilin fəslinə dəxli yoxdur. Bir qayda olaraq ilin sonunda manata qarşı təzyiqlər artır. Bunun da əsas səbəbi onunla bağlıdır ki, büdcə xərcləri ilin sonuna doğru çoxalır. Yəni bir sıra xərclər var ki, onlar saxlanılır, ilin sonunda qısa müddətdə böyük həcmdə pul kütləsi buraxılır dövriyyəyə və bu da manata qarşı təzyiqi artırır. Bu baxımdan, bəli, müəyyən qədər manat təzyiqə uğrayır.

 

Amma nəzərə alaq ki, bizdə birinci devalvasiya ilin əvvəlində (fevralda), ikinci devalvasiya isə dekabrda baş vermişdi. Bu gün neftin mövcud qiyməti devalvasiya üçün zəmin yaratmır. Neftin qiyməti imkan verir ki, manat sabit qalsın və mövcud qiymət manatı dəstəkləyir. Biz bilirik ki, Azərbaycan manatı neftdən asılıdır. Yəni bu gün neftin qiyməti 60 dollardan yüksəkdir – 62-63 dollar civarında dəyişir. Bu hədd də manatı qorumaq üçün imkan yaradır. Təbii balansımıza da diqqət yetirsək, demək olar ki, kəsir yoxdur, müsbət say budur. Yəni bu, o deməkdir ki, ölkəyə gələn valyuta ölkədən çıxan valyutanı üstələyir.

 

Bu baxımdan mən bu gün manat üçün devalvasiya təhlükəsi görmürəm. Əksinə, müəyyən dövrlərdə manatın bahalaşması riski yaranır. Ona da Mərkəzi Bank imkan vermir. Mərkəzi Bank manatın məzənnəsini qoruyur. O cümlədən də ucuzlaşmasının qarşısını alır. Mən düşünürəm ki, ilin sonuna qədər dünya bazarı neftin qiymətində ciddi bir dəyişiklik olmasa, qarşıdakı 3 ayda manatın məzənnəsində hər hansı bir dəyişiklik olmayacaq.

Ülviyyə Şahin