Qərbə tənqid, Üçüncü Dünya müharibəsi anonsu və "Putinə dedim ki..."

Dünya

05.03.2023 - 13:40

Donald Tramp: “Dedim ki, Vladimir, bunu etmə. Bildirdim ki, başqa ölkəni ələ keçirmə, yoxsa Moskva ağır zərbə altında qalacaq”

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Ukrayna münaqişəsini bir günə həll edə biləcəyini düşünür. Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin paytaxt rayonunda keçirilən illik konfransında çıxış edən Tramp dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni bir günə həll edəcəyinə yenə söz verib. Veriliş “YouTube”da “CNN-News18” kanalı tərəfindən yayımlanıb.

“Mən prezident kimi bu vəziyyəti 24 saat ərzində həll edə bilərdim. Təkrar edirəm - 24 saat ərzində. Bunun üçün Prezident olmaq lazımdır, səlahiyyətlər, vəzifə lazımdır”, D.Tramp əlavə edib.

Siyasətçi bunun çətin olmayacağını desə də, planını necə həyata keçirəcəyini açıqlamayıb. Ağ Evin keçmiş rəhbəri əlavə edib ki, bu barədə danışsaydı, yəqin ki, bunu edə bilməzdi.

Daha əvvəl Florida ştatında tərəfdarları qarşısında çıxış edən Tramp Amerika dövlətinin başçısı seçiləcəyi təqdirdə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskiyə dərhal zəng edəcəyini vəd edib: “Mən zəmanət verirəm ki, bu məsələni həll edə bilərəm... Prezident olsam 24 saat ərzində sövdələşmə bağlayacağıq”.

Tramp bildirib ki, Ukraynadakı münaqişənin nəticəsi NATO ölkələri üçün ABŞ-dan daha vacibdir: “Baxmayaraq ki, Vaşinqton Kiyevə dəstək üçün digər Alyans ölkələrindən qat-qat çox vəsait ayırır. Biz dünyanın qalan hissəsi üçün özlərinin həll etmədiyi problemləri həll edirik. Bizi sərmayə qoymağa məcbur edirlər. Biz Ukraynaya baxırıq, hamımız bundan çox narahatıq. Bəs niyə NATO bizim qədər xərcləmir?”, - Tramp vurğulayıb.

Siyasətçi xatırladıb ki, ABŞ Ukraynaya 140 milyard dollar ayırıb, NATO isə “bunun yalnız kiçik bir hissəsini” sərmayə qoyub. O vurğulayıb ki, Şimali Atlantika Alyansı üçün Ukrayna ətrafındakı vəziyyət harada baş verdiyinə görə daha əhəmiyyətlidir.

Fevralın əvvəlində Tramp bildirib ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna Silahlı Qüvvələrinə çox hərbi yardım göndərməməlidir. Bunun əvəzinə o, ölkə rəhbərliyini sülh danışıqlarına can atmağa çağırıb: “Avropa daha çox iş görməlidir, çünki Avropa yəqin ki, bizim gördüyümüz işin yalnız kiçik bir hissəsini edir".

ABŞ-ın keçmiş Prezidenti bildirib ki, seçkidə qalib gəlsə, on dəqiqə ərzində Avropa liderlərini Ukraynaya yardımı artırmağa razı sala bilər.

Tramp vurğulayıb ki, Avropa pul xərcləməyə başlamalıdır. O, ABŞ-ın indiki vəziyyətdə müdafiəni təmin etdiyinə, bunun isə ABŞ-dan daha çox Avropa ölkələrinə lazım olduğuna diqqət çəkib.

“Almaniya öz payını ödəmir. Digər ölkələr öz paylarını ödəmirlər və bütün yükü ABŞ daşıyır. Bu düzgün deyil. Bilirsiniz, bütün digər liderlərlə görüşə bilərsiniz, mən onların hamısını və ya çoxunu tanıyıram. On dəqiqə ərzində onlara nə lazım olduğunu söyləsəniz, ödəməyə hazır olacaqlar. Amma ödəmirlər. Bu, ədalətli deyil”, ABŞ Prezidenti olmağa iddialı olan Tramp qeyd edib.

Bundan əvvəl siyasətçi ABŞ-ın hazırkı Prezidenti Co Baydeni Rusiya və Ukrayna arasında danışıqlara cəhd etməyə çağırıb. Onun sözlərinə görə, Vaşinqton Rusiya və Ukrayna arasında sülh danışıqları aparmalı, Avropa isə Kiyevə yardımını artırmalıdır.

ABŞ-ın keçmiş Prezidenti deyib ki, ABŞ Ukrayna münaqişəsi fonunda hazırda ən təhlükəli vəziyyətdədir. O, bunu nüvə silahından istifadə riski ilə əlaqələndirib: “Düşünürəm ki, dünya ən təhlükəli vəziyyətdədir. Bizim üçün bu, Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilər”.

ABŞ-ın keçmiş Prezidenti Rusiya liderinə xəbərdarlıq edib ki, əgər başqa ölkə ələ keçərsə, “Moskva hücuma məruz qalacaq”.

“Dedim ki, Vladimir, bunu etmə. Bildirdim ki, başqa ölkəni ələ keçirmə, yoxsa Moskva ağır zərbə altında qalacaq”, - Tramp xatırladıb.

Ağ Evin sabiq rəhbəri əlavə edib ki, Putin yəqin ki, ona inanmayıb.

Keçmiş lider dövlət başçısı seçiləcəyi təqdirdə, ABŞ hökumətindən istifadə edənləri və qlobalistləri qovacağına da söz verib: “ABŞ-da hakimiyyət başında qalsaydım, Rusiya Ukraynada müharibəyə başlamazdı”.

Müəllif: Turan Abdulla