Qazaxstanlı professor Bakıya gəlib

Xəbərlər

31.03.2023 - 16:17

Yusif Quliyev: “Bizim sarsılmaz birliyimiz ana Vətənimiz Azərbaycanın gələcək uğurlarını, qələbələrini, zirvələrə yüksəlməsini təmin edəcək”

Qazaxstanda yaşayan soydaşımız -  görkəmli alim, ictimai xadim, professor Yusif Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin qonağı olub.

AYNA-nın məlumatına görə, görkəmli alim Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz mirasına - azərbaycançılıq ideologiyasına istinad etməklə milli həmrəyliyimizi, vətəndaşlıq mövqeyimizin daha da gücləndirilməsində ümummilli liderin rolunu xüsusilə qeyd edib.

“Bizim sarsılmaz birliyimiz ana Vətənimiz Azərbaycanın gələcək uğurlarını, qələbələrini, zirvələrə yüksəlməsini təmin edəcək”, - deyə professor bildirib.

“Vətən müharibəsində qazandığı şanlı qələbə xalqımızın qürur mənbəyi olaraq tarixdə əbədi qalacaq. Bu qələbə sayəsində üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Bu qələbənin təmin olunmasını şərtləndirən amillər sırasında xalqımızın birliyi müstəsna rol oynadı. Vətən müharibəsinin başladığı ilk günlərdən Qazaxstanda yaşayan soydaşlarımız da  həmrəylik nümunəsi  nümayiş etdirərək Prezident, Ali Baş Komandan İlham Əliyevə birmənalı dəstəklərini bildirdilər”, - Y.Quliyev söyləyib.

Professor Aktau şəhərində fəaliyyət göstərən diaspor təşkilatının xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, tarixi şəxsiyyətlərimizin xatirəsinin uca tutulması istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayıb. 

Qeyd edək ki, Quliyev Yusif Murad oğlu 1950-cı ildə Azərbaycan Respublikasının Ağsu şəhərində anadan olub. 1972-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirərək, Manqışlaqda yerin təkinin mənimsənilməsində iştirak üçün gənc mütəxəssis kimi Qazaxıstana göndərilib.

Əmək fəaliyyətinə Uzen Qazıma İşləri İdarəsində qazmaçı köməkçisi kimi başlayıb. 1988-ci ildə yüksək ixtisaslı kadrların - qazmaçı mühəndislərin hazırlanmasında iştirak etmək üçün Qazaxıstan Politexnik İnstitutunun filialının rəhbərliyi tərəfindən işə dəvət edilib və burada o böyük mühəndis, dosent vəzifəsində çalışıb. 1993-cü ildən "Neft və qaz quyularının qazılması" kafedrasının rəhbəri işləyib. 1999-2001-ci illərdə Aktaus Dövlət Universitetinin neft-kimya fakultəsinin dekanı, 2001-2003-cü illərdə isə "Neft və qaz quyularının qazılması və neft və qazın geologiyası" kafedrasının rəhbəri olub. 2004-cü ildən  "Bolaşak" İnstitutunun (Manqistaus ş.) birinci prorektorudur. 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edib. Qazaxıstanda bir çox orden və medallarla təltif edilib.

Müəllif: Ayna.az