Qarabağ ermənilərinə dəvət və ya “Bakı bu təkliflərlə birdən çox gediş edir”

Aktual

13.03.2023 - 15:18

Analitik: “Ermənilər görüşdən imtina edəcəksə, bu, onların “təmaslardan qaçdığı” deməkdir”

“Görüş yeri kimi Bakının təklif edilməsinin əsas əhəmiyyəti odur ki, Qarabağdakı ermənilərlə təmaslarda reinteqrasiyanın alternativi yoxdur. Və rəsmi Bakı bu təkliflərlə birdən çox gediş edir”. AYNA xəbər verir ki, bu sözləri siyasi icmalçı Asif Nərimanlı Azərbaycan Prezident Adminstrasiyasının Qarabağda yaşayan erməni əhalinin nümayəndələri ikinci görüşün Bakıda keçirilməsi dəvətinə münasibət bildirərkən deyib.

Nərimanlı qeyd edib ki, gündəm reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələrinin müzakirə edilməsidir: “Birincisi, erməni əhalinin nümayəndələri Bakıya gələcəksə, reinteqrasiyanı qəbul etmiş olacaqlar: Xocalı görüşündən sonra separatçılar bunun əleyhinə olan açıqlamalar vermişdi, mümkün Bakı görüşündən sonra vəziyyət dəyişəcək. İkincisi, görüşün Bakıda keçirilməsi Rusiyanın “moderator” qismində iştirakını istisna edir: Xocalıdakı görüşün sülhməramlıların qərargahında baş tutması onların başda əyləşməsinə şərait yaradırdı. Üçüncüsü, ermənilər görüşdən imtina edəcəksə, bu, onların “təmaslardan qaçdığı” deməkdir və Bakı “təmasların” indi qurulmasını istəyən Qərbə “prosesin qarşısını alan və erməni əhalisi ilə təmaslara imkan verməyənlərin” separatçılar olduğunu göstərə, onlara qarşı mümkün praktiki addımlarını “erməni əhalisinin hüquqlarının qorunması” adı ilə də legitimləşdirə biləcək”.

“Görüş təklifində əsas məqamlardan biri də Qarabağda infrastruktur layihələrinin müzakirə edilməsidir. Bu, erməni əhalisinə Azərbaycana inteqrasiyanın daha yaxşı yaşamaq imkanı yaradacağına dair müsbət siqnallar ötürür”, - deyə analitik qeyd edib.

Müəllif: Turan Abdulla