Paytaxtdakı qanlı hadisə ilə bağlı cinayət işi başlanıb

Hadisə

15.08.2019 - 13:41

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir

 

Xəbər verdiyimiz kimi, Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verib. “Üzeyir” şadlıq evinin həyətində 2 nəfər bıçaqlanıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, gecə 22:47-də Təcili Yardıma çağırış gəlib. Təcili Yardım qrupu hadisə yerinə gedib. 57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə (KTM) aparılıb.

 

Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu baş vermiş hadisə ilə bağlı birgə açıqlama yayıb. AYNA xəbər verir ki, açıqlamada deyilir:

 

“Avqustun 14-də saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 4 saylı ünvanda yerləşən “Üzeyir” şadlıq sarayında qonaqlar arasında yaranmış mübahisə zamanı Seymur Hüseynov, Mahir İbrahimov, Telman Hüseynov və Elton Ağababayev kəsici alətlə yetirilməyə xarakterik müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə cinayət işi başlanıb.

 

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaq zamanı Elton Ağababayevin əsaslı səbəb olmadan bıçaqla Seymur və Telman Hüseynovlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutulub.

 

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir”.

Müəllif: Ayna.az