Paytaxt mənzərəsi: tövşüyə-tövşüyə, qorxa-qorxa dayanacağa doğru - VİDEO

Cəmiyyət

14.06.2022 - 10:28

Həkimlər Klinikalar SEO Xidməti

Sakin: “Bütün qonşular bu dəyişiklikdən narazıdırlar”

Ekspert: “Əsas problemlərdən biri dayanacağa gedən yolun vəziyyəti ilə bağlı olur”

BNA sözçüsü: “Əraziyə baxış keçirildikdən sonra sakinlərin şikayətinə uyğun addım atılacaq”

Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsi 13 ünvanında yaşayan sakinlər avtobus dayanacaqlarının əlverişsiz quraşdırılmasından narazıdırlar. Sakinlər tərəfindən AYNA-ya daxil olan şikayətə görə, bir neçə gün əvvəl küçənin müxtəlif yerlərində avtobus dayanacağı nişanları yerləşdirilib. Lakin küçənin dəmiryoluna yaxın hissəsində dayancaqlar arasındakı məsafə çox uzaq olduğundan sakinlər gediş-gəlişdə əziyyət çəkirlər.

Şikayətçilər səkilərin rahat hərəkət üçün əlverişsiz olduğunu bildirirlər: “Avtousdan düşdükdən sonra mənzilə çatmaq üçün uzun yol qət etməli oluruq. Axşam saatlarında isə yol kənarı ilə hərəkət etmək təhlükəli olur”.

Sakin Mədinə İsayeva əməkdaşımızla söhbətində deyib ki, mövcud problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) 141 çağrı mərkəzinə zəng edib, şikayətlərini bildiriblər: “Burada yaşayan bütün qonşular bu dəyişiklikdən narazıdırlar. Avtobus dayanacağının quraşdırılması yaxşıdır. Lakin bunu edərkən gərək burada yaşayan sakinlərin rahat hərəkətini də nəzərə alardılar. Dayanacaqlar arasındakı məsafə çox uzaqdır. Hansı istiqamətdə avtobusdan düşsək və ya avtobusa minmək üçün hərəkət etsək, çox çətin olur. Səki ilə rahat hərəkət etmək olmur".

“Axşam saatlarında gələnlər əziyyət çəkirlər. Həm yolboyu sürətlə şütüyən maşınlar səbəbindən, həm də qaranlıq küçədə təhülkəsizliyindən əmin şəkildə hərəkət edə bilmirsən. Xahiş edirik, dayanacağı əvvəlki dayanacağa yaxın bir yerdə quraşdırsınlar. İndi sadəcə avtobus dayanacağı işarəsi yerləşdiriblər. Biz istəyirik ki, avtobus dayanacağı da quraşdırılsın. Yağışlı, günəşli havada avtobusu gözləyənə qədər daldalanacaq bir yer olsun ki, uşaqla çıxanlar, yaşlı, xəstə adamlar avtobus gözləyəndə əziyyət çəkməsinlər”, - deyə həmsöhbətimiz bildirib.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev dayanacaqların quraşdırılması ilə bağlı mövzunu AYNA-ya şərh edərkən qeyd edib ki, hansısa infrastruktur dəyişikliyi olduğu zaman dayanacaq, hərəkət istiqaməti və s. dəyişdirilə bilər: “Biz hərəkətli bir şəhərdə yaşayırıq. Buna görə hansısa infrastruktur dəyişikliyi ilə dayanacaqların sürüşdürülməsi, hərəkət istiqamətinin dəyişdirilməsi və s. ola bilər. Lakin dayanacağın sürüşdürülməsi bir problemdirsə, digər bir problem də dayanacağa gedən yolun vəziyyəti ilə bağlı olur”.

“Ümumiyyətlə, Bakıda piyada yürüş üçün səkilərin örtüyü bərbad haldadır. Səkilərdə maneələr çoxdur, zəbt olunmalar var. Bu da birbaşa mobilliyə təsir edir. Səkinin vəziyyəti yaxşı olsa, dayanacağa gedən yol da daha komfortlu olar. Digər nəqliyyat vasitələrindən istifadə stimullaşar”, - deyə ekspert söyləyib.

Müsahibimizin fikrincə, dayancaqlar quraşdırılarkən əksər hallarda standartlara uyğun olur, lakin natamamlıq hökm sürür: “Evinizdən dayancağa, dayanacaqdan evinizə qədər qət etdiyiniz yol standartlara uyğun olmalıdır. Bu da bir qədər institusional problemdir. Bir küçədə bir neçə qurum iş görür və hər birinin də ayrı-ayrı prioritetləri olur. Əslində isə onlar vahid komanda şəklində işləməlidirlər”.

“Bunun nümunəsini Bəsti Bəkirova küçəsində gördük. Fərqli qurunlar tərəfindən kommunikasiyaların yenilənməsi də daxil olmaqla, səki örtüyü, parkinqin yaradılması, yol örtüyünün dəyişdirilməsi çox yaxşı formada həyata keçirildi”, - deyə Ağamirzəyev vurğulayıb.

BNA-ın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ barədə AYNA-ya açıqlamasında bildirib ki, əraziyə baxış keçirildikdən sonra sakinlərin şikayətinə uyğun addım atılacaq: “Sakinlərin müraciətini aidiyyəti şöbəyə yönləndirmişik. Əməkdaşlarımız əraziyə baxdıqdan sonra, mümkün qədər sakinlərin istəyinin təmin olunmasına çalışılacaq”.

Müəllif: Aləmdə Nəsib