2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən üçü azyaşlı olmaqla altı nəfər, o cümlədən Səbail və Qaradağ rayonlarının ərazisində intihar məqsədilə özünü dənizə atan iki nəfər xilas edilib.
Həmçinin Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində batmış 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun cəsədi kanalın Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində aşkarlanaraq çıxarılıb.
Bundan başqa, Yuxarı Qarabağ kanalının Bərdə rayonunun Alpout kəndi ərazisindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Orucov Elməddin Yusir oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 10 kilometr aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.