Nə “əjdaha” enişlər olacaq, nə “əjdaha” yoxuşlar – 2024-dən gözləntilər

İqtisadiyyat

02.01.2024 - 10:21

Cari ildə sosial-iqtisadi durumumuz və baş verəcəklərlə bağlı fərqli proqnozlar var

2024-ci ilin Azərbaycanın həyatında siyasi hadisələrlə yanaşı, iqtisadi baxımdan da mühüm il olacağı gözlənilir. Ötən ilin sonunda 18 ildir parlamentdə müzakirəyə çıxarılan və hər dəfə geri qaytarılan Rəqabət Məcəlləsinin nəhayət qəbul edilməsi və 2024-cü ilin yanvarından qüvvəyə minməsi, işğaldan azad olunan torpaqlarımızın bərpası işlərinin davam etdirilməsi, yeni iqtisadi qanunların qəbul edilməsi, idarəetmə sahəsində gözlənilən islahatlar gələn ilin əsas gözləntiləri sırasında yer alır.

Bəzi ekspertlər hesab edirlər ki, yeni qədəm qoyduğumuz ildə ciddi bahalaşma və inflyasiya qeydə alınmayacaq. Lakin bununla yanaşı, ucuzlaşma da olmayacaq. Əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlara gedilməyəcəyi, neftin qiymətinin sabit qalacağı, paytaxtın daşınmaz əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir.

Dünya iqtisadiyyatı baxımından isə inflyasiyanın eniş sürətinin 2023-cü illə müqayisədə azalması və dünya iqtisadiyyatının ayrı-ayrı bloklara bölünməsi prosesinin sürətlənəcəyi, Yaxın Şərqdə genişlənən münaqişə fonunda enerji bazarlarında və əsas ticarət yollarında əhəmiyyətli fasilələr yaranacağı, yüksək enerji və ərzaq qiymətlərinin formalaşmasına təsir edəcəyi, yaşıl enerji layihələrinin və dekarbonizasiya prosesinin dinamikasının artacağı, ABŞ dollarının digər valyutalarla müqayisədə ucuzlaşacağı proqnozlaşdırılır.

2024-cü ildə ölkəmizin və dünyanın iqtisadi həyatında hansı yeniliklər gözlənilir?

AYNA ekspertlərlə həmsöhbət olub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc:

“Qlobal amillər, regionda və dünyada inflyasiya səviyyəsinin azalması müşahidə olunur ki, nəticədə Azərbaycanda da inflyasiya tempi zəifləyir. Məlumdur ki, ölkəmizdə 10 faizlik inflyasiyanın təxminən 3 faiz bəndi yerli istehsaldan və daxili tələbdən formalaşır. Eyni zamanda Azərbaycan hökuməti antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir. 2024-cü ildə də bu mübarizə davam edəcək.

Cari ildə Azərbaycanda inlflyasiya tempi çox cüzi artıma məruz qalacaq. Neftin qiymətinin isə sabit qalacağı gözlənilir. Bu da öz növbəsində xarici şok təsirlərə məruz qalmayacağımızı söyləməyə əsas yaradır.

2024-cü ildə rəqabət, qiymətləndirmə sahələrində də yeniliklər olacaq. Ötən əsrin 90-cı illərindən parlamentin müzakirəsinə çıxarılan və hər dəfə geri qaytarılan Rəqabət Məcəlləsi nəhayət qəbul edildi. Hesab edirəm ki, Məcəllə ölkədə normal biznes mühitinin formalaşmasına mühüm töhfələr verəcək.

Bu ildən Azərbaycanda yeni bir qurum – Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyətə başlayacaq. Əminik ki, Palatanın formalaşdırılmasında təcrübəli və peşəkar qiymətləndiricilərin, eləcə də 25 ildir qiymətləndiriclərin yeganə kollektiv peşəkar birliyi olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iştirakına şərait yaradılacaq”.

İqtisadçı ekspert Rəşad Həsənov:

“Ölkəmiz cari ilə yüksək inflyasiya ilə qədəm qoyur. Təəssüf ki, qlobal iqtisadi artım tempindən geri qalırıq və bu, hazırkı ildə belə davam edəcək.

Düzdür, işğaldan azad olunan torpaqlarımızın bərpası, yenidənqurma işləri təqdirəlayiqdir. Bu istiqamətdə müəyyən işlər görülür. Liberal iqtisadi modelə keçid üçün münbit şərait yaranıb. Lakin bütün bunlarla yanaşı, pessimist olmaq üçün kifayət qədər əsaslar var.

Azərbaycan iqtisadi inkişaf dinamikası 2024-cü ildə zəifləyəcək. Beynəlxalq təşkilatların proqnozlarında da bu, öz əksini tapır. Dünya iqtisadi sistemində fövqəladə hadisələr baş verməsə, dünyada və ölkəmizdə inflyasiya mərhələli şəkildə azalacaq. İlin ortalarına doğru 6-7 faiz ətrafında inflyasiya dinamikası müşahidə edəcəyik.

Manatın məzənnəsində də ciddi dəyişikliklər gözlənilmir. Hökumətin əlində bunu tənzimləmək üçün kifayət qədər imkanlar mövcuddur”.

İqtisadçı ekspert Pərviz Heydərov:

“2024-cü il Azərbaycan iqtisadiyyatı üçün müsbət və mənfi məqamlarla xarakterik olacaq. Gələn il üçün ciddi ucuzlaşma və bahalaşma gözlənilmir. Ehtimallara görə, kəskin inflyasiya da olmayacaq.

Əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmayıb. Bu da öz növbəsində vəziyyətin olduğu kimi davam edəcəyini söyləməyə əsas yaradır.

Neftin qiymətinin sabit qalacağı proqnozlaşdırılır. Böyük ehtimalla, 2024-cü ildə ölkəmiz xarici şok təsirlərə məruz qalmayacaq.

Ümumu olaraq 2024-cü il yola saldığımız 2023-cü ildən daha aktiv bir il olacaq. İşğaldan azad olunan torpaqlarımızın bərpası və yenidənqurulması işləri davam edəcək. Bir çox sahələrdə inkişaf dinamikası qeydə alınacaq.

Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sahibkarlara müəyyən üstünlüklər qazandıracaq. Lakin hər şey Məcəllənin işlək olub-olmamasından asılı olacaq. 2024-cü ildə fövqəladə iqtisadi situasiyalarla qarşılacağımızı ehtimal etmirəm”.

Müəllif: Azər Niftiyev