Nazirlikdən tələbələrin aksiyasına reaksiya: “Onlara izah olunub ki...”

Cəmiyyət

01.06.2020 - 13:46

“20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk ediblər”

 

Bu gün bir qrup tələbə və ictimai fəal yay imtahanlarının və təhsil haqqının ləğvi tələbi ilə Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirib. Etirazçılar karantin tədbirləri müddətində onlayn keçirilən təhsilin keyfiyyətindən narazı olduqlarını və bu tədris ili üçün imtahanların və universitetə ödənişin ləğv olunmasını tələb ediblər.

 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib: “Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub. Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib”.

 

AYNA xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da məsələ ilə bağlı açıqlama verib:

 

Bu gün 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-yə yaxın media mənsubu Təhsil Nazirliyinin inzibati binasına yaxınlaşaraq, tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş ediblər. Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən 16 may 2020-ci il tarixində qəbul olunmuş “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, karantin qüvvədə olduğu müddətdə “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq, Nazirliyə müraciət etmiş 3 tələbə - Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və mühasibatlıq fakültəsinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin IV kurs tələbəsi Zərifə Novruzova Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin rəhbər şəxsləri tərəfindən qəbul olunub.

Aləmdə Nəsib