Nazirlər niyə yoxa çıxırlar?

Dünya

18.09.2023 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Bu, Çinin hakimiyyət dairələrində xaosun davam etdiyinə işarədir

Çin müdafiə naziri Li Şanqfunun əvvəlcə yoxa çıxdığı, daha sonra isə istefaya göndərildiyi xəbəri Qərb ölkələrində geniş müzakirə olunur. Müdafiə naziri sonuncu dəfə avqustun 29-da ictimaiyyət qarşısında göründükdən sonra yoxa çıxıb. 65 yaşlı Li Şanqfu Vyetnam və Sinqapurdan olan həmkarları ilə görüşlərdə iştirak etməyib. O, sonuncu dəfə Pekində avqustun 29-da Afrika ölkələri ilə təhlükəsizlik forumunda əsas nitqlə çıxış edərkən görünüb. Li Şanqfu Müdafiə Nazirliyinə 5 ildən çoxdur başçılıq edib. 

"The Wall Street Journal" nəşrinin məlumatına görə, Li Şanqfu sorğu-sual edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. “Financial Times” nəşri isə ABŞ rəsmilərinə istinad edərək Li Şanqfunun istintaq altında olduğunu yazıb. Qərb nəşrləri sorğu ilə Çin Müdafiə Nazirliyinə müraciət etsələr də, cavab almayıblar. 

Çində hansısa nazir bir müddət ictimaiyyət qarşısına çıxmırsa, görüşlərdə iştirak etmirsə, onun başına iş gəldiyi ehtimal edilir. Eyni ilə Çinin keçmiş xarici işlər naziri Qin Qanq da yoxa çıxmış, görüşlərdə iştirak etmir, təyin olunan görüşlər isə təxirə salınırdı. İndoneziyadakı sammitdə iştirak etməyən 57 yaşlı nazirin vəzifədən uzaqlaşdırıldığı ehtimal artdı və bir müddət sonra yeni təyinat xəbəri gəldi, Vanq Yi yenidən xarici işlər naziri təyin olundu.

Müdafiə nazirinin istintaqa cəlb olunmasıyla bağlı iki versiya var.

Birinci versiyaya görə, Li Şanqfu hərbi texnikanın alınmasında korrupsiya hallarına yol verib. Söhbət böyük məbləğlərdən gedir. Çin müdafiə xərclərinə ildən ilə artırır. Müdafiə naziri ilə bərabər daha 8 yüksək rütbəli hərbçinin istintaqa cəlb olunduğu xəbəri yayılıb. Korrupsiya versiyası təsdiq olunarsa, Li Şanqfunu ciddi cəza gözləyəcək. Çində bu ittihamla ölüm cəzasına da məhkum edirlər. 

İkinci versiyaya görə Li Şanqfu ölkə lideri Si Cinpinin hərbi ritorikası ilə razılaşmır və Tayvan adasına mümkün hücumun yanlış olduğu qənaətində idi. Məlumdur ki, Cinpin nə yolla olursa-olsun Tayvanın ram edilməsi qənaətindədir. O deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirmək istəyir, ancaq bu alınmazsa güc yolunu da istisna etməyib. Li Şanqfu isə güc yolunun Çinə böyük problemlər yaradacağı qənaətində idi. Bununla da liderlə nazir arasında ciddi fikir ayrılığı yaranıb. 

Beləliklə, Çində qısa zaman ərzində xarici işlər və müdafiə nazirləri məcburi istefaya göndərildi. Bu, “Financial Times” nəşrinin də yazdığı kimi, Çinin hakimiyyət dairələrində xaosun davam etdiyinə işarədir. 

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi