Narkotik qaçaqmalçısı sərhədçimizi bıçaqlayıb

Hadisə

23.09.2019 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

Sərhədçi zabit hadisəni törədən şəxsi tərksilah etməyi bacarıb

 

20 sentyabr tarixində, saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində, içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

 

DSX-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən, sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Buna baxmayaraq sərhədçi zabit şücaət nümayiş etdirib və cinayətkarı tərksilah edərək saxlayıb.

 

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

 

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılmış bağlamaya baxış zamanı, içərisində 1 kq 125 qram “marixuana”, 1 kq 10 qram “tiryək” və 450 qram “heroin” narkotik vasitə aşkarlanaraq götürülüb.

 

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxlanılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb. Nəticədə hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndinin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobilin içərisindən 55 qram “tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarla­naraq götürülüb.

 

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az