Müharibə veteranları və şəhid ailələri üçün Çağrı Mərkəzi istifadəyə veriləcək

Xəbərlər

31.03.2023 - 15:56

“9109” Çağrı Mərkəzinə müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “9109” qısa nömrəli Çağrı Mərkəzi 1 aprel 2023-cü il tarixdən istifadəyə verilir. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin “9109” qısa nömrəli Çağrı Mərkəzi yaradılıb.

Çağrı Mərkəzinə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırııb.

“9109” Çağrı Mərkəzinə müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

Müəllif: Ayna.az