Mərkəzi Bank kimə, nəyi güzəşt etdi - <font color=red> Kredit borcu olanların diqqətinə!</font>

İqtisadiyyat

25.04.2020 - 15:04

"Vətəndaşlara tövsiyə edirəm ki, qərardan istifadə edərək indidən banka (sığortaçıya) müraciət edib müvafiq tarixədək ödəniş etməyəcəklərini bildirsinlər"

 

Bu gün Mərkəzi Bank pandemiya ilə bağlı maliyyə sektoru üzrə tədbirlər haqda qərarını dərc edib. Guya, aprelin 23-də, yəni sırağagün qəbul edib. Bununla belə qərarda texniki səhvlər var. Məsələn, bir sıra yerlərdə sözlər arasında ara (boş yer, məsafə) yoxdur.

 

Lakin əsas məzmundur. Bu baxımdan qərarı 2 hissəyə bölmək olar: 1) məcburi; 2) tövsiyəvi.

 

1. Qərarın məcburi hissəsi sırf banklara, sığortaçılara və qiymətli kağızlar bazarı iştirakçılarına requlyativ tətilin verilməsindən ibarətdir. Belə ki, sentyabarın 30-dək Mərkəzi Bank onlara qarşı olan tələblərini yumşaldır. Çox yaxşı! Bir az da olsa, sərbəst nəfəs alarlar!

 

2. Qərarın tövsiyəvi hissəsi isə:


- banklara tövsiyə edir ki, 30 sentyabradək (6 ay!) borcunu ödəməyən borclulara (vətəndaşlar və pandemiyadan birbaşa təsirlənmiş sahibkarlara) cərimə-filan hesablamasınlar və onların kredit tarixçəsini korlamasınlar;


- sığortaçılara tövsiyə edir ki, karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabra (6 ay!) kimi möhlət versinlər.

 

Təbii, bu, tövsiyə olduğu üçün banklar və sığortaçılar ona əməl etməyə məcbur deyil. Qərarın bəzi məqamlarının natamamlığı və qeyri-müəyyənliyi (o cümlədən onun kimə aid olması) onlara əlavə bəhanələr də verəcək. Necə ki, ötən il hətta Cənab Prezidentin kreditlərin restrukturizasiyası ilə bağlı 28 fevral 2019-cu il tarixli Fərmanındakı tövsiyəni banklar əksər hallarda faktiki sabotaj etdi və indiyədək həmin Fərman tam icra olunmayıb. Dövlət başçısının belə, tövsiyəsinə tam əməl etməmiş banklar Elman Rüstəmovun tövsiyəsi ilə hesablaşacaqmı?

 

Banklar əhaliyə və sahibkarlara belə güzəşt edən idisə, elə könüllü edərdilər də! Necə ki, bir sıra ölkələrin, o cümlədən qonşu ölkələrin bankları bunu etdi. Amma əksər ölkələrdə (ABŞ, Avropa, Rusiya və s.) banklara bu məsələdə dövlət maliyyə dəstəyi verir. Bizdə isə belə çıxır ki, dövlət banklara dəstək vermir və onlara tövsiyə edir ki, öz hesablarına güzəşt etsinlər.

 

Yeri gəlmişkən, qərarda bu 6 aylıq tövsiyəvi kredit tətili nədənsə yalnız banklara aid edilib. Bank olmayan kredit təşkilatları haqda heç nə deyilmir, halbuki həm əhalinin, həm də sahibkarların onlara da xeyli borcu var. Mən hələ ticarət şəbəkələrinə olan borcları demirəm!

 

Hər bir halda çətinlik çəkən vətəndaşlara və sahibkarlara tövsiyə edirəm ki, bu qərardan istifadə edərək indidən banka (sığortaçıya) müraciət edib müvafiq tarixədək (maksimum 30 sentyabr) ödəniş etməyəcəklərini bildirsinlər. Bu halda bank (sığortaçı) cavab vermək məcburiyyətində qalacaq. Müsbət cavab versə və ya hətta cavab verməsə (susmaq razılıq əlamətidir), çox yaxşı. Mənfi cavab versə, məsələni ictimailəşdirib Mərkəzi Banka və ölkə rəhbərliyinə müraciət etmək olar. Qoy Elman müəllim heç olmasa, bu qərarının icrasına nəzarət etməyə məcbur olsun!

 

P.S. Diqqət! Çox vacib məsələ! Qərara əsasən, kredit müqavilələrinin restrukturizasiyası nəzərdə tutulmur (ipoteka kreditləri istisna olmaqla). Yəni bu tövsiyəvi kredit tətili dövründə edilməyən ödənişlər ən geci 1 oktyabrda edilməlidir. Tam şəkildə!


Bu baxımdan, əlbəttə, daha yaxşı olardı ki, tətil məhz kreditin müddətinin müvafiq olaraq uzadılmasından ibarət olsun. Məsələn, tutaq ki, vətəndaş 2 dekabr 2019-cu ildə 1 il müddətinə 10000 manat kredit götürüb. Hər ay faizlə bərabər 926 manat ödənilməlidir. Banka 3 ay (yanvar-mart) ödəniş edib. Mərkəzi Bank demir ki, onun tövsiyəvi 6 aylıq kredit tətili nəticəsində kreditin də müddəti 6 ay (1 iyun 2021-ci ilədk) uzadılır. Əsla! Deyir ki, 1 oktyabr 2020-ci ildə vətəndaş 6 aylıq ödənişi (5556 manat!) birdən gəlib verməlidir. Etməsə, cərimə də hesablanacaq, kredit tarixçəsi də korlanacaq. Və təbii, bank məhkəməyə müraciət edəcək. Əlbəttə, əgər o vaxta bank sağ qalsa…

Müəllif: Əkrəm Həsənov, hüquqşünas, bank-maliyyə eksperti