Rusiya və İranla əməkdaşlıq üzrə komissiyaların tərkibi dəyişdirilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 723; 2009, № 6, maddə 424, № 7, maddə 589; 2012, № 2, maddə 126; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 1, maddə 79, № 6, maddə 1321) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərsin”.
Dövlət başçısı “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib. Bu sərəncamla da Komissiyanın tərkibi yuxarıda göstərilən şəkildə müəyyənləşdirilib.