“Məni öldürmək üçün xüsusi əməliyyatın son mərhələsindəyik"

Dünya

23.02.2023 - 22:00

Mixail Saakaşvili: “Gürcüstanı və dünyanı bu cinayətkar korporasiyanın öz bəd niyyətlərini həyata keçirməsinə imkan verməməyə çağırıram””

"Gürcüstandan bir milyon çıxarmamışam, Gürcüstandan bir tetri də götürməmişəm. Bu qədər pulum olsaydı, əlimdə qalan son torpaq sahəsini satmazdım"

Həbsdə olan Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili öldürülməsi üçün hər kəsin səfərbər olduğunu bəyan edib. Mişa ləqəbli keçmiş Prezident uzun müddətdən sonra "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.

“Məni öldürmək üçün xüsusi əməliyyatın son mərhələsindəyik. Və bu işdə hamı iştirak edir - “parlamentarilər”, “jurnalistlər”, indi isə klinika... Mən Gürcüstanı və dünyanı bu cinayətkar korporasiyanın öz bəd niyyətlərini həyata keçirməsinə imkan verməməyə çağırıram”, - deyə Saakaşvili bəyan edib.

Saakaşvili müalicə aldığı "Vivamedi" klinikasının həkimlərinin mətbuat konfransına reaksiya verib və deyib ki, klinika əsas xəstəliklərini müalicədən imtina edib: ""Vivamedi" klinikasının həkimlərinin mətbuat konfransında yeganə həqiqət o idi ki, mənim vəziyyətim çətin və sürətlə pisləşir. Və bu klinika praktiki olaraq heç nə edə bilməz. Söylədikləri qalan hər şey yalan idi. Bu klinika mənim əsas xəstəliklərimi müalicə etməkdən imtina etdi. Xüsusilə, ağır metallarla zəhərlənmə, anoreksiya və kaxeksiyanı müalicə etmək lazımdır. Bəlkə də heç kim mənim kimi yaşamaq istəmir. Amma mən Ukraynanın qələbəsini görmək istəyirəm. Hansı ki, bütün Putin kimilərinin sonu yaxındır".

Saakaşvili Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının yaradıcısı, milyarder Bidzina İvanişviliyə də səslənib: "O oliqarxa üz tutmaq istəyirəm. Gürcüstandan bir milyon çıxarmamışam, Gürcüstandan bir tetri də götürməmişəm. Bu qədər pulum olsaydı, əlimdə qalan son torpaq sahəsini satmazdım. Onu da vəkillərimin xərci üçün satmışam. Mənim haqqımda deyilənlər yalnız Mariya Zaxarovanın bəyanatının kontekstinə uyğun gəlir".

AYNA xatırladır ki, fevralın 6-da Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin səhhətinin pisləşməsinə görə azadlığa buraxılması və ya möhlət verilməsi vəsatətini rədd edib. Müdafiə tərəfi təkidlə bildirib ki, sabiq Prezidentin azadlığa buraxılması üçün əsas olan psixi funksiyaların pozulması ilə müşayiət olunan qeyri-müəyyən demens, kaxeksiya və aşkar ataktik sindrom var. Penitensiar Xidmət isə diaqnozları etibarsız adlandırıb.

Fevralın 7-də Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, Saakaşvili törətdiyi cinayətləri etiraf etməkdən və tövbə etməkdən imtina edir. Eyni zamanda, Zurabişvili əlavə edib ki, əfv olunacağı təqdirdə Saakaşvili azadlığa buraxılmayacaq, çünki o, daha üç iş üzrə ittiham olunur.

Qeyd edək ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O vaxta qədər sabiq Prezident iki cinayət işi üzrə - deputat Valeri Qelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətlində təqsirli bilinənlərin əfv olunması ilə bağlı qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilib.

Bundan əlavə, Tbilisi Şəhər Məhkəməsi ona qarşı üç işə - dövlət vəsaitinin mənimsənilməsinə, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılmasına və sərhədi qanunsuz keçməyə dair işə baxır. Saakaşvili həbs olunandan bəri altı aydan az bir müddət həbsxana kamerasında yatıb, qalan vaxtı klinikalarda - əvvəlcə həbsxanada, sonra hərbi xəstəxanada, indi isə "Vivamedi" klinikasında olub.

Qeyd edək ki, Saakaşvili Ukrayna vətəndaşıdır. 2020-ci ildən Gürcüstanın sabiq Prezidenti Ukraynanın Odessa vilayətinin rəhbəri, daha sonra isə Ukrayna Prezidenti yanında İslahatlar üzrə İcraiyyə Komitəsinin sədri olub.

Gürcüstan hakimiyyəti bundan əvvəl Saakaşvilinin azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən edilən çağırışlardan imtina edib. Rəsmi Tbilisinin mövqeyi belədir ki, Saakaşvili bir sıra cinayətlər törədib və Gürcüstan qanunlarına əsasən, cəzasını çəkməlidir. 

Müəllif: Turan Abdulla