Fransa Prezidenti “kölgə donanması”nı “həftələrlə” dənizdə saxlamağı təklif edib
Fransa Prezidenti Emmanuel Makron Rusiya neftinin tədarükünü dayandırmaq üçün “kölgə donanması” adlandırılan tankerləri “həftələrlə” dənizdə saxlamağı təklif edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Bu gəmiləri hətta bir neçə gün və ya həftə saxlayaraq, onları tədarükləri yenidən təşkil etməyə məcbur etməklə biznes modelini məhv etməyiniz çox vacibdir. Bu da biznes modelinin səmərəliliyini azaldır. Çünki bu model 2022-ci ildən əvvəl təşkil edilmişdi, lakin indi o tamamilə sənayeləşib. Və mən təklif edirəm ki, "məsləhətli koalisiya" çərçivəsində bu əməkdaşlığın necə sıx işləməsi, birgə fəaliyyətin optimallaşdırılması həyata keçirilsin”, - Makron bildirib.
O Fransanın Rusiya limanından Hindistana gedən tankeri öz sahillərində saxlamasını misal çəkib. Onun sözlərinə görə, bu cür tədbirlər ölkə sahillərində “kölgə donanması” gəmilərinin olmasını yoxlamağa və “bu gəmilərin beynəlxalq qaydalara uyğun olmasını təmin etməyə” imkan verir. Dövlət başçısı həmçinin Fransa sahillərində saxlanılan gəminin “yalançı bayraq altında” üzdüyünü iddia edib və bəyan edib ki, Fransa bu tankeri “bir-iki həftə” dayandırmaqla Rusiyadan neft tədarükünün səmərəliliyini aşağı salıb.
"Ona görə də, əgər biz bu potensialın azaldılmasında effektivliyimizi artırmaq istəyiriksə, "kölgə donanması" çox yaxşı hədəfdir. Və hesab edirəm ki, bu, Rusiyaya təzyiqlərimizi artırmaq üçün irəliyə doğru atılmış çox mühüm addımdır", - Fransa Prezidenti fikrini yekunlaşdırıb.