"Livan Ermənistanla münasibətlərinə göz gəzdirəcək"

Siyasət

06.08.2020 - 20:18

Ermənistan qardaş adlandırdığı Livana quruca başsağlığı verərkən, Azərbaycan pul ayırıb

 

Livanda güclü partlayış nəticəsində bu ölkədə yaşayan ermənilər də xəsarət aldılar. Livanda iqtisadi və sosial vəziyyət partlayışa qədər də ağır idi. Bu ölkənin xarici borcları artır, iqtisadi artım isə yoxdur. Partlayış bu ölkənin borclarını daha da artıracaq. Bu vəziyyətdə Livanda yaşayan ermənilər başqa ölkələrə köçmək barədə düşünürlər. Livanda yaşayan varlı ermənilər ABŞ və Avropadakı ölkələri seçirlər. Bu ermənilər ABŞ və Avropadakı qohumlarının maliyyə dəstəkləri hesabına adı çəkilən ölkələrə gedirlər. Livanda yaşayan kasıb və Qərb ölkələrində qohumu, tanışı olmayan ermənilər isə Ermənistanı seçmək məcburiyyətində qalırlar.

 

Livandakı ermənilərin Ermənistana köçünü diqqətlə izləməliyik. Çünki, Ermənistanda dəyişən hakimiyyətlərin illərdir davam edən siyasəti ona yönəlib ki, kənardan gələn ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə köçürülsün. Ermənistan hakimiyyəti bu yolla işğal altındakı əraziləri məskunlaşdırmağa çalışır. Eyni ilə Suriyada müharibə başlayanda varlı ermənilər Qərb ölkələrinə, kasıb ermənilər isə Ermənistana və bir hissəsi işğal altındakı torpaqlara köçürüldü. Ermənistanda doğulan və yaşayan ermənilər Azərbaycanın işğal altındakı torpaqlarına köçmürlər, çünki bunun onlar üçün necə risqli olduğunu və gələcəkdə müharibənin qaçılmaz olduğunu anlayırlar. Gəlmə ermənilər isə Dağlıq Qarabağ və digər işğal altındakı rayonları ona görə seçirlər ki, çünki İrəvan onlara başqa alternativ təklif etmir, işğal altındakı ərazilərdə isə onlara ev, heyvan və bir qədər maliyyə verir.

 

Rəsmi Bakı Beyrutdakı partlayışla bağlı Livana 1 milyon dollar verib. Ermənistan qardaş adlandırdığı Livana quruca başsağlığı verərkən, Azərbaycan pul ayırıb. Bu unudulmayacaq. Əlbəttə, bu o demək deyil ki, Livan bu pulun müqabilində gələcəkdə Ermənistanla münasibətlərinə göz gəzdirəcək. Buna baxmayaraq, bizim tam haqqımız var ki, diplomatik kanallarla Livan hökumətinin diqqətinə çatdıraq ki, erməni vətəndaşlarına Azərbaycanın işğal altındakı torpaqlarına məskunlaşmanın necə təhlükəli olduğunu bəri başdan anlatsın. Ancaq orası da var ki, partlayışdan sonra Livan elə vəziyyətdədir ki, kimin hara köçəcəyi rəsmi Beyrutun marağında deyil. Tam əksinə, iqtisadi və sosial xaosa yuvarlanan Livan hökuməti ölkə əhalisinin bir hissəsinin, o cümlədən ermənilərin miqrasiyasını arzulayır.

Müəllif: Elxan Şahinoğlu, politoloq

Ramanada faciə

Dünən, 17:26 Hadisə