Lavrov Bakıda nələri müzakirə edib? – XİN başçıları detalları açıqladılar

Aktual

28.02.2023 - 15:48

Ceyhun Bayramov: “Ermənistanla sülh müqaviləsi üzrə işlər onlayn diplomatiya formatına keçirilib”

Sergey Lavrov: “Avropa İttifaqı İrəvanla münasibətində açıq şəkildə sui-istifadə edir”

Bu gün Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri arasında görüş keçirilib. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Xarici İşlər Nazirliyinin binasında təşkil olunan konfransda nazirlər təkbətək və geniştərkibli görüş haqqında məlumat verib, daha sonra jurnalistlərin suallarını cavablandırıblar.

“Rusiyalı həmkarım Sergey Lavrovla keçirdiyimiz görüşlərdə ikitərəfli əlaqələr, Rusiya və Azərbaycan arasında bağlanan müqavilələr müzakirə olundu”, - deyən C.Bayramov qeyd edib ki, müsbət dialoq olub: “İki ölkə arasında münasibətlər stabil dinamika üzərində davam edir. İkitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bayramov: “Ermənistan sülh sazişi ilə bağlı danışıqları sabotaj edir”

“Ermənistanla sülh müqaviləsi üzrə işlər onlayn diplomatiya formatına keçirilib. Bu formada danışıqlar davam etdirilir. Həmçinin postmünaqişə dövründə Ermənistanla münasibətlərlə bağlı Rusiyalı həmkarıma məlumat verdim. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirir. Burada Rusiya ilə müttəfiqlik də vacibdir. Ümid edirik ki, Rusiyada keçirilən görüşlər prosesə müsbət təsir edəcək”, - deyə Azərbaycan XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, postmünaqişə dövründə Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir: “Ermənistan tərəfi Laçın yolunun bağlanması ilə əsassız iddialar qaldırır. Təbii ki, bu da öz təsdiqini tapmır. Bundan başqa iki ölkə arasında bağlanacaq sülh müqaviləsi prosesində də Ermənistan həmişəki kimi uyğun olmayan görünüş sərgiləyir".

"Ermənistan Laçın dəhlizində yaranmış vəziyyətə görə bütün məsuliyyəti Rusiya və Azərbaycanın üzərinə qoymağa çalışır. Ermənistan sülh müqaviləsi üzrə danışıqları sabotaj etməkdə davam edir. Danışıqlara hazır olması ilə bağlı bəyanatlara baxmayaraq, yeni faktlar gətirilir, görüşlər boykot edilir. Rusiya Federasiyası ilə danışıqlar regional məsələlərimizi müzakirə etmək üçün əla fürsətdir", - deyə nazir əlavə edib.

C.Bayramov qeyd edib ki, Azərbaycan tərəfi gərginliyin azaldılmasının tərəfdarıdır: “Azərbaycan ilk gündən öz açıq mövqeyini sərgiləyib. Biz bu mövzuda qətiyik. Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə humanitar yardımların göndərilməsində öz üzərinə düşən vəzifəni yerinə yetirir. Biz vəziyyətin gərginləşməsinə qarşıyıq. Amma Ermənistan tərəfi əsasız çıxışlar edir”.

Lavrov Bakıda Avropa İttifaqını ittiham etdi

"Azərbaycana səfərim zamanı ilk olaraq Prezident İlham Əliyev və həmkarım Ceyhun Bayramovla görüşlər keçirdim", - deyən Rusiya XİN başçısı görüşlər üçün təşəkkür edib: “Rusiya və Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə artan sürətlə davam edir. Rusiya rəsmiləri hər zaman Azərbaycan tərəfi ilə sıx təmasdadır. Biz öz növbəmizdə həmkarım Ceyhun Bayramovla sıx danışıqlar aparırıq. Bu gün də Bakıda olduğum üçün məmnunam”.

"Ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı münasibətlərinin dərinləşməsi regional məsələlərdə stabilləşdirici rol oynayacaq. Rusiya və Azərbaycan bir-birinə güvənir və bu, iki ölkə arasında əməkdaşlığın mühüm tərkib hissəsinə çevrilib. Ölkələr arasında rekord həcmdə ticarət dövriyyəsi gözlənilir. Rusiya post-konflikt dövründə Azərbaycan ərazilərinin bərpasına töhfə verməyə hazırdır. Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı məsləhətləşmələrdə köməklik göstərəcək", - deyə Lavrov söyləyib.

Lavrov vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlərə keçirilməsinə hər zaman hazırdır: “Azərbaycan tərəfi üç tərəfli görüşlərə razılıq versə də, Ermənistan bununla razılaşmayıb. Biz keçən ilin sonunda belə görüşlə bağlı razılıq almışdıq. Azərbaycan razılıq vermişdi, son anda  Ermənistan tərəfi görüşə gələ bilməyəcəklərini bildirdi".

“Avropa İttifaqı İrəvanla münasibətində açıq şəkildə sui-istifadə edir. Avropa İttifaqının Ermənistan ərazisindəki missiyası onların münasibətlərindən sui-istifadəyə görədir”, - deyən Lavrovun sözlərinə görə, Aİ-nin Ermənistanda missiya yerləşdirməsi əsassızdır: “Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərdən açıq şəkildə sui-istifadə edərək, şübhəli monitorinq missiyasını irəli sürür. Bununla bağlı funksiyalar, mandat, müddət baxımından ölkələr arasında münasibətlərin normallaşdırılması səylərinə xələl gətirə biləcək çoxlu suallar var".

"Rusiya öz fəaliyyətində “zərər verməmək” prinsipini rəhbər tutur. Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq və üçtərəfli razılaşmalara əsaslanacaq, regionda qarşılıqlı hörmət və əməkdaşlığa zəmanət verəcək problemlərin bu prinsip əsasında həllini təşviq edir. Amma bütün oyunçular, xüsusən də regiondan uzaqda yerləşən oyunçular eyni prinsipləri rəhbər tutmur. Onlar burada kiminsə xeyrinə deyil, kiminsə əleyhinə işləmək istəyirlər", - deyə nazir əlavə edib.

“Rusiya ümid edir ki, Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli işçi qrupu tezliklə Azərbaycanın qərbi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı razılığa gələ biləcək”, - deyən Rusiya XİN başçısı ölkəsinin Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin müvafiq üçtərəfli İşçi Qrupun həmsədrləri kimi tezliklə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında dəmir yolu marşrutunun istifadəsinin bərpası ilə bağlı konkret razılıqlar əldə edəcəklərinə ümid etdiyini söyləyib.

Mətbuat konfransında nazirlər Rusiya-Azərbaycan əlaqələrindən, bu əlaqələrin inkişafından danışıblar.

Müəllif: Turan Abdulla