Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. AYNA-nın "Report"a istinadən məlumatına görə, "ASCO Arena"da "Keşlə" "Neftçi"ni qəbul edib.
Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye vurub. Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb.
73-cü dəqiqədə Franko Flores cərimə zərbəsindən sonra Səlahət Ağayevin səhvindən yararlanaraq bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.
Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" isə 3-cü pilləyə enib.