“Kəlbəcərin qızıl yataqları iki yerə bölünəcək” – <font color=red> DEPUTAT</font>

Aktual

03.12.2020 - 10:25

Həkimlər Klinikalar SEO Xidməti

Asim Mollazadə: “Sərhəd problemləri danışıqlar vasitəsilə həll olunmalıdır”

 

Kəlbəcər işğaldan azad olunsa da, bunu rayonun ən strateji nöqtələrinə şamil etməklə bağlı hələlik bir sıra suallar mövcuddur. Belə ki, rayondakı strateji əhəmiyyətli yerlərdən olan Sərsəng su anbarı, rusların xəritəsində keçmiş Ağdərə rayonunun ərazisinə düşdüyünə görə, bu gün geri qaytarılan ərazilərdən kənarda qalır. Məsələ burasındadır ki, Sovet hakimiyyəti illərində inşa edilən bu anbar Azərbaycanın digər rayonlarını su ilə təchiz etmək üçün nəzərdə tutulmuşdu.

 

Qeyd edək ki, Sərsəng su anbarı vaxtilə mövcud olan Ağdərə rayonunun ərazisində idi və Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən, ləğv olunan rayonun əraziləri Tərtər, Ağdam və Kəlbəcər arasında bölüşdürülmüşdü. Və bu gün Rusiya məsələyə Azərbaycan Respublikasının yox, artıq mövcud olmayan SSRİ-nin qanunları ilə yanaşır.

 

Sərsəng su anbarından başqa, Kəlbəcərin qızıl yataqları da hələlik Azərbaycana qaytarılmayıb və məsələnin hansı formada həllini tapacağı bəlli deyil. Həmin yataqlar geri qaytarılmaması ehtimalı Sərsəng su anbarından daha ciddi itki mənasına gəlir. Belə ki, Azərbaycan Dağlıq Qarabağa heç bir status vermədiyindən, Sərsəngdən öz balansında olan yer kimi istifadə etmək hüququnu əlində saxlasa da, Kəlbəcərin Zod yatağı üçün eyni sözləri demək çətindir.

 

Məsələ burasındadır ki, Kəlbəcərdəki qızıl yataqlarımızın indiki aqibəti yenə ruslar tərəfindən, həm də SSRİ zamanında müəyyənləşdirilib. Belə ki, yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub və onun əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsinə tapşırılıb. Halbuki, yatağın 23 filiz damarından cəmi 7-si Ermənistan ərazisinə düşdüyü halda, digər 16 filiz damarı Kəlbəcərin ərazisindədir.

 

Buna baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Söyüdlü (Zod) yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. 1976-cı ildə ərazidə qızıl istismarına başlanılıb və 1993-cü ildə Kəlbəcərin işğal edilməsindən sonra bu mübahisəyə də son qoyulub. Xəritədən də göründüyü kimi, Zod yataqlarının böyük hissəsi Kəlbəcərin ərazisinə düşür

 

Kəlbəcərin bu gün işğaldan azad edilməsindən sonra yataqların kimə aid olması yenidən mübahisə predmetinə çevrilib. Son günlərdə sosial şəbəkələrdə və həm yerli, həm də düşmən mətbuatında yayılan məlumatlarda, Kəlbəcərin Zod qızıl mədəni ərazisində mübahisəli vəziyyətin yarandığı əks olunub. Belə ki, Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya edilmədiyindən, bu, mübahisəli vəziyyətin yaranması ilə nəticələnib. Hətta, bir sıra erməni “Telegram” kanallarında Azərbaycan hərbçilərinin əraziyə gələrək qızıl mədəninin boşaldılmasını tələb etdiyi bildirilib. Ermənistan tərəfi isə bu ərazinin onlara aid olduğunu iddia edib.

 

Onu da qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan nümayəndələri, xüsusi vasitələrdən istifadə etməklə artıq sərhədlərin demarkasiya işlərinə başlayıblar. Demarkasiya işlərinin bir hissəsinin, məhz mübahisəli Zod yatağında aparıldığı qeyd olunub.

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - İki sahil

Məsələ barədə AYNA-ya danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasın (ADİP) sədri Asim Mollazadənin sözlərinə görə, hazırda Azərbaycanda çox müasir avadanlıqlar var və həmin avadanlıqlar vasitəsi ilə mübahisəli xəritəni tərtib etmək, geolokokasiyasını müəyyənləşdirmək mümkündür: “Bu istiqamətdə Azərbaycan təbii olaraq, sülhməramlı missiya həyata keçirən Rusiya tərəfini məlumatlandıracaq və müvafiq qərarlarla bölgədə sərhədlərin demarkasiyası həyata keçiriləcək. Mübahisəli ərazilərin hansı tərəfdə və kimə aid olması da bunun nəticəsində müəyyənləşəcək. Xəritədən də göründüyü kimi, böyük ehtimalla, ərazinin böyük hissəsi Azərbaycan tərəfinə düşəcək və belə olan halda sərhədlər məhz bu cür formalaşacaq. Təbii ki, sözügedən qızıl yatağının hissələrinin hər iki tərəfə düşəcəyi də istisna deyil. Ki, bunu da danşıqlar vasitəsi ilə yoluna qoymaq mümkündür”.

 

“Azərbaycanla Ermənistan arasında köhnə geolokasiya xəritələri var idi. Hal-hazırda geolokasiya avadanlıqları ilə bu sərhədi müəyyənləşdirmək olar. Müəyyənləşəndən sonra da sərhdələr möhkəmlənəcək və hansı ərazinin kimin tərəfinə keçəcəyi də məhz bunun nəticəsində məlum olacaq. Bu prosesin həlli üçün Rusiyanın da müvafiq xəritələri var. Onun üçün də həmin bölgənin demarkasiyası, məhz SSRİ zamanı müəyyənləşmiş köhnə xəritələr, sərhədlər və indiki geolokasiya avadanlıqları ilə müəyyənləşəcək və proses bunun əsasında aparılacaq”, - deputat bildirib.

 

Qeyd edib ki, BMT-nin qətnamələri icra olunandan, verilən təkliflər Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçiriləndən sonra Azərbaycan sülh üçün çalışacaq: “Çünki biz sülhdə daha çox maraqlıyıq. Düşünürük ki, hal-hazırda bölgədə sülh və əminamanlıq yaratmaq daha çox lazımdır. Ermənistan da bilməlidir ki, onların gələcəyi bilavasitə qonşularla normal münasibətlər formalaşdırmaq və ərazi iddialarından çəkinərək normal dövlət kimi yaşamaqdan keçir. Ona görə də mən sözügedən sərhəd problemlərinin həllini danışıqlar yolu və müvafiq beynəlxalq hüquq normalarının çərçivəsində görürəm”.

 

Mollazadə Azərbaycan ilə Ermənistan arasında hər şeyə rəğmən, sərhədin müəyyənləşməli olduğunu əlavə edib: “Düzdür, torpaqlarımız işğaldan azad olunub, amma söhbət müvafiq sərhədin cızılmasından və bunun hansı üsullarla həyata keçirilməsindən gedir. Sadəcə gözləmək və səbrli olmaq lazımdır. Onsuz da bizim bu istiqamətdə işimiz çoxdur. Çünki erməni vandalları işğal altında olan torpaqlarımızı elə dağıdıb, vəhşicəsinə elə viran qoyub ki, biz bu istiqamətdə ancaq səbrlə irəliləməliyik. Ermənistan da düşünməlidir ki, onların gələcəyi ancaq qonşularla normal münasibətlər qurmaqdan ibarət olmalı və qonşularına qarşı ərazi iddialarından vaz keçməlidirlər. Bununla da normal dövlətə çevrilməldir. Mən bölgədə bundan alternativ yol görmürəm. Ona görə də sərhəd problemlərini müəyyənləşdirmək də müvafiq xəritələr və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.

Müəllif: Mərahim Nəsib