Hakim partiyanın namizədi seçkilərdə səslərin 71 faizdən çoxunu toplayıb
Bülletenlərin 100 faizi hesablandıqdan sonra Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından Tiflis merliyinə namizəd Kaxa Kaladze 71 faizdən çox səs toplayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında qeyd edilib.
MSK-nın saytında dərc olunan məlumatlara görə, Kaladzeni 12,2%-dən bir qədər çox səslə iki müxalifət partiyasının – Lelo və Gürcüstan naminə partiyalarının namizədi İrakli Kupradze izləyir. İlk üçlüyü 7,6%-dən çox səslə sağçı libertar Giriçi partiyasının nümayəndəsi İaqo Xviçia tamamlayıb.
Qeyd edək ki, dünən keçirilən bələdiyyə seçkilərində hakim “Gürcü Arzusu” qalib gəldiyini elan edib. Səslərin 98,1 faizi hesablandıqdan sonra partiya Tiflisdə 70,1 faiz, ölkə üzrə isə 80,7 faiz səs toplayıb.
Xatırladaq ki, Kaladze bundan əvvəl də Tiflis meri postunda idi.