İsveç səfiri Ermənistanın mina terroru barədə məlumatlandırıldı

Xəbərlər

08.06.2023 - 18:58

Səbinə Əliyeva İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso ilə görüşüb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, görüşdə S.Əliyeva ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Müvafiq sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, habelə İsveçin və digər ölkələrin ombudsmanları ilə ikitərəfli əməkdaşlıq əlaqələrindən bəhs edilib. Ombudsman Aparatının Beynəlxalq Ombudsmanlar İnstitutu və regional ombudsman institutları şəbəkələri çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin davam etdirildiyi vurğulanıb.

Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumatları hələ də təqdim etmədiyini bildirən ombudsman İrəvanın insan hüquqlarını və beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozduğuna görə məsuliyyət daşıdığını qeyd edib. Həmçinin Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında mina terrorunun həyata keçirildiyi, basdırılmış minaların azad olunmuş ərazilərə təhlükəsiz qayıdışa, aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə ciddi maneə yaratdığı diqqətə çatdırılıb. Ombudsman İsveçi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə prosesində iştiraka dəvət edib.

Müvəkkil müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı faktların araşdırılması məqsədilə faktaraşdırıcı missiyaların həyata keçirildiyini, yerində araşdırmaların aparıldığını və əldə edilən faktoloji materiallara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq insan hüquqları qurumlarına göndərildiyini bildirib. Müharibə cinayətlərini törədən şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsinin belə halların yenidən təkrarlanmasına zəmin yaratdığı bildirilib.

Görüşdə, həmçinin insan hüquqlarının, o cümlədən gender bərabərliyinin müdafiəsi sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Müəllif: Ayna.az