Politoloq: “Rusiyanın əvvəlki dövrlərdə olduğu kimi, diktə edəcək mövqedə olmadığını görürük”
Sabiq dövlət müşaviri: “Azərbaycan hazırkı vəziyyətdən Qarabağın tamamında suverenliyini bərpa etmək üçün istifadə edə bilər”
Ermənistanla Rusiya arasında siyasi böhran pik həddədir. Ermənistanın Baş naziri Nikol Paşinyanın və erməni rəsmilərinin son vaxtlar Moskva əleyhinə verdiyi bəyanatlar, Ermənistan ərazisində ABŞ-la birgə hərbi təlimlər Rusiyada əsəblə qarşılanıb. Rusiya rəmiləri Ermənistan hakimiyyətini nankorluqda ittiham etməklə yanaşı, xəbərdarlıqlar da edilir. Analitiklər hesab edirlər ki, iki ölkə arasında yaşanan gərginlik Azərbaycanın öz maraqlarını təmin etmək baxımından fürsətdir.
Mövzu ilə bağlı AYNA-ya danışan politoloq Şahin Cəfərli deyib ki, Rusiya-Ermənistan müttəfiqliyi hüquqi məcrada davam edir: "İki ölkə arasında imzalanmış müqavilələr var ki, müttəfiqliyin hüquqi bazası dərindir. Amma bu gün de-fakto bu müttəfiqliyin sona çatmaqda olduğunu demək mümkündür. Rusiya Ermənistanda mövqelərini itirir. Paşinyan hökuməti açıq şəkildə çıxışlar edir, artıq Rusiya ilə müttəfiqliyin başa çatmasına işarə edirlər. Eyni zamanda, Ermənistan cəmiyyətində də Rusiyanın nüfuzu aşağı düşüb. İrəvan meriyasına keçirilən seçkilərdə də müşahidə etdik ki, Rusiyaya yaxınlığı ilə seçilən siyasi blok üçüncü yeri tutdu. İrəvan bələdiyyəsində Paşinyanın rəhbəri olduğu partiya üstünlük qazandı. Demək olar ki, əhalinin çoxluğu Qərbə meyilli siyasi qüvvələri dəstəkləyir".
"Ermənistanla Rusiya arasındakı böhran fonunda Rusiyanın Azərbaycana ehtiyacı daha da artır. Rusiyanın marağı istənilən vasitə ilə Cənubi Qafqazdakı yerini və təsirini qorumaqdır. Rusiya Ermənistanda mövqelərini itirdiyi şəraitdə Azərbaycanda da mövqelərini tamamilə itirərsə, Azərbaycanla da münasibətlərini korlayarsa, o zaman bölgəni tərk etməli olacaq. İndi Moskva Cənubi Qafqazda mövqeyini həm də Azərbaycanla təmin etməyə məcburdur", - deyə analitik qeyd edib.
Ş.Cəfərli bildirib ki, Rusiya Ermənistandan çıxmaq niyyətində deyil: "Bunu açıq şəkildə Kremlin sözçüsü Dmitri Peskov bildirdi. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ermənistanda hərbi bazası var və yenilənən müqaviləyə görə, 2044-cü ilə qədər orada qalacaq. Düzdür, Paşinyan Rusiyadan qopmaq yönündə siyasət aparmağa çalışır. Lakin bu, sabah reallaşacaq məsələ deyil, uzunmüddətli prosesdir. Əlbəttə, Rusiya Ermənistandan da çıxmaq istəmir, Gürcüstanla da son vaxtlar münasibətlərini istiləşdirir, Azərbaycanla da münasibətlərini yaxşı saxlamağa çalışır".
"Rusiya-Ermənistan münasibətlərinin böhrana girdiyi bir zamanda Azərbaycana da şanslar yaranır ki, Rusiya ilə dialoqlarda öz maraqlarını daha çox təmin etsin. Rusiyanın əvvəlki dövrlərdə olduğu kimi, diktə edəcək mövqedə olmadığını görürük. Bu, Bakıya imkan yaradır ki, istəklərini Moskvaya qəbul etdirə bilsin", - deyə politoloq fikrini tamamlayıb.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də bildirib ki, İrəvan-Moskva gərginliyi fonunda Bakı üçün fürsət pəncərəsi açılıb.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan-Rusiya müttəfiqliyində yaranan çatlardan səmərəli istifadə edə bilər: "Rusiya forpostu olan Ermənistanın nəzarətindən çıxmasını istəmir və bunun baş verməməsi üçün ən müxtəlif vasitələrdən istifadə edəcək. Paşinyan hökumətinin Qərbə üz tutmasını Moskva bağışlamayacaq. Rusiya ən müxtəlif cəza üsullarından istifadə edəcək. İrəvanı cəzalandırmağın bir yolu da Azərbaycanın haqlı mübarizəsini uğurla sona çatdırmasına göz yummaqdır. Azərbaycan hazırkı vəziyyətdən Qarabağın tamamında suverenliyini bərpa etmək üçün istifadə edə bilər. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına da nail olmaq mümkündür".
"Düşünürəm ki, Rusiya-Ermənistan siyasi böhranı uzun müddət davam etməyəcək. Unutmaq lazım deyil ki, Rusiyanın Gümrüdə hərbi bazası var və bu baza hələ uzun illər orada qalacaq. Belə olan halda İrəvan Moskvanın nəzarətindən birdəfəlik çıxa bilməz. Daha doğrusu, Rusiya Ermənistandan çıxmaq fikrində deyil, bunu açıq şəkildə Kremldən bildiriblər. Sadəcə Ermənistanı cızığına gətirmək üçün, Rusiyanın himayəsi olmadan Ermənistanın mövcudiyyətinin sual altında olmasını göstərmək üçün Rusiya addımlar atacaq. Azərbaycan iki ölkə arasındakı gərginlikdən qazanclı çıxa bilər", - deyə Hüseynli əlavə edib.