İrəvan Azərbaycan hərbçilərinin ekstradisiyasına hazır olduğunu bəyan etdi

Xəbərlər

22.05.2023 - 17:33

Paşinyan: “Biz yolu azmış azərbaycanlıları sadələşdirilmiş qaydada geri qaytarmağa hazırıq"

“Ermənistan iki Azərbaycan hərbçisinin ölkələrinə qaytarılmasını müzakirə etməyə hazırdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Biz yolu azmış azərbaycanlıları sadələşdirilmiş qaydada geri qaytarmağa hazırıq. Və bütün bunlar hüquqi prosedurlar vasitəsilə həyata keçirilməlidir”, - deyə o qeyd edib.

Qeyd edək ki, aprelin əvvəllərində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Sonradan məlum olub ki, 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu azaraq Ermənistana keçiblər. Əsgərlərdən birinin döyülməsi ilə bağlı Ermənistan mediasında və sosial şəbəkələrdə görüntülər yayımlanıb.

Müəllif: Ayna.az