İqtisadi böhranla üz-üzə: rus milyarderlər təlaşda

Dünya

13.11.2024 - 19:44

Həkimlər Klinikalar SEO Xidməti

Kreml iqtisadiyyatın suverenliyini gücləndirmək israrını davam etdirir, amma... - Biznes elitaları hökumətin nikbin proqnozlarını bölüşmür

Rusiya biznes elitaları hökumətin Rusiya iqtisadiyyatının inkişafı ilə bağlı nikbin proqnozlarını bölüşmür və ABŞ-ın yeni Prezidenti Donald Trampdan Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaları ləğv edəcəyini gözləmirlər. “Bloomberg” bunu yüz minlərlə insanın işlədiyi Rusiyanın əsas müəssisələrinə nəzarət edən bir neçə milyarder və maqnatla müsahibələrə əsaslanaraq yazıb.

Hökumətin planına görə, bu il Rusiya 3,9% iqtisadi artım göstərəcək (2023-cü ildəki 3,6%-dən sonra). 2025-ci ildə bu, yalnız bir qədər yavaşlayacaq, 2,5% olacaq, bundan sonra temp yenidən yüksələcək: 2026-cı ildə 2,6%, 2027-ci ildə 2,8% və 2028-də orta hesabla 3%.

Lakin “Bloomberg” yazır ki, ən varlı iş adamları bu rəqəmlərin əldə edilə biləcəyinə inanmırlar. Onlar deyirlər ki, Rusiya iqtisadiyyatında acınacaqlı dəyişikliklər gedir: Qərb şirkətlərinin ölkədən getməsi istehsalat bazasının, əsasən də maşınqayırma və texnologiya sənayesində deqradasiyaya gətirib çıxarıb. İdxalın əvəzlənməsi ləng gedir, yüz minlərlə vətəndaşın müharibəyə cəlb edilməsi kadr çatışmazlığını artırır.

Agentlik yazır ki, əksər milyarderlər Trampın 24 saat ərzində “sülhə nail olacağına” dair vədinə baxmayaraq, müharibənin tezliklə bitəcəyinə şübhə edirlər. Onlar həmçinin sanksiyaların davam etdirilməsinə hazırlaşırlar. Buna görə Rusiya İran və Şimali Koreyanı keçərək dünya rekordçusu olub.

Stokholm İqtisadiyyat Məktəbinin ekspertləri deyir ki, Rusiya iqtisadiyyatı yaxın gələcəkdə tam tənəzzül riski altında olmasa da, “orta və uzunmüddətli dövr üçün proqnoz tutqundur”. Onların qiymətləndirməsinə görə, Rusiya bir neçə il ərzində iqtisadi böhranla üzləşə bilər.

Beynəlxalq Valyuta Fondu gələn il Rusiyanın ÜDM-in artım tempinin 3 dəfə azalaraq 1,3%-ə düşəcəyini və onilliyin sonuna qədər ildə 1%-ə düşəcəyini proqnozlaşdırır. Rusiya Mərkəzi Bankının proqnozuna görə, 2025-ci ildə iqtisadiyyat cəmi 0,5-1% artacaq və şəxsi istehlak və investisiyaların artımı sıfıra enə bilər.

Neftdən başqa əsas əmtəə sənayeləri sanksiyalar səbəbindən artıq problemlər yaşayır. “Qazprom” dörddə bir əsrdə ilk dəfə olaraq gəlirsiz qalıb. Kömür şirkətləri ixracatda çöküşlə üzləşiblər. Buna görə də Energetika Nazirliyinin mütəxəssisləri bütün sənayenin iflasa uğraması təhlükəsini elan ediblər. Metallurqlar xarici bazarlarda satışlarda kəskin azalma qeydə alıblar.

Kreml iqtisadiyyatın suverenliyini gücləndirmək israrını davam etdirir. Amma Qərb texnologiyasını əvəz edəcək trilyon dollarlıq meqalayihələr uğursuzluğa düçar olur: məsələn, 2023-2024-cü illər üçün Rusiya aviasiya sənayesi planlaşdırılan 40 təyyarə əvəzinə yalnız üç mülki təyyarə istehsal edə bilib. “Zvezda” gəmiqayırma zavodundan isə bu il bir dənə də olsun buz sinifli qaz tankeri çıxmayıb.

Biznes üçün yeni problem Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin iqtisadiyyatın iyirmi ildən artıqdır görmədiyi səviyyəyə yüksəlməsi idi. Mərkəzi Bankı açıq şəkildə milyarderlər Oleq Deripaska və Aleksey Mordaşov tənqid edib. “Bloomberg” yazır ki, digər oliqarxlar böyük hərbi xərclərə baxmayaraq, Elvira Nabiullinanın inflyasiyanı ləngitmək üçün çox az alətə malik olduğunu etiraf edirlər.

Bir milyarder agentliyə bildirib ki, səlahiyyətlilər müharibəni “xüsusi hərbi əməliyyat” adlandırmaq əvəzinə, müharibə kimi qəbul etsələr, yüksək inflyasiyanı izah etmək daha asan ola bilər. Onun sözlərinə görə, bu halda həyatın əvvəlki kimi davam etməsini israr etmək əvəzinə, inflyasiyanı müharibə üçün ödəniləcək bədəl adlandırmaq olar.

Müəllif: Turan Abdulla