SABİQ NAZİR"/>

"İmtahanlar ləğv edilməlidir" - <font color=red> SABİQ NAZİR</font>

Cəmiyyət

20.04.2020 - 22:00

F.Cəlilov: "Yayın istisində şagird və tələbələri siniflərə, auditoriyalara yığmaq düzgün deyil"

 

Türkiyədə universitet və məktəblərdə yay tətili ləğv edilib. Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilmiş qərara əsasən, yay aylarında tədris davam edəcək. Bununla da COVID-19 pandemiyası səbəbindən təxirə salınan dərslər əvəzlənəcək. Müəllimlərin 2 aylıq yay tətili də qısaldılacaq.

 

Maraqlıdır, Azərbaycanda da belə bir qərar qəbul oluna bilərmi? Məsələyə həm aidiyyəti qurumla, həm də ekspertlərlə AYNA tutmağa çalışdıq.

 

Sualımızı əvvəlcə Təhsil Nazirliyinə ünvanladıq. Təəssüf ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovdan hər hansı bir cavab ala bilmədik.

Firudin Cəlilov hazırda İstanbulda müalicə alır: “Səhhətim ...

Sabiq Təhsil naziri Firudin Cəlilov isə sualımıza cavabında yayda tədrisin davam etdirilməsinin əleyhinə olduğunu bildirdi: “İndi distant təhsil davam edir, müəllimlər tərəfindən onlayn dərslər keçirilir. Düzdür, bu, hələlik o qədər də effektli deyil, amma hər halda bir iş görülür. Yayın istisində şagird və tələbələri siniflərə, auditoriyalara yığmaq düzgün deyil”.

 

F.Cəlilov düşünür ki, məsələni həll etmək üçün başqa yollar düşünmək lazımdır: “Bu baxımdan, proqramı bir qədər sıxışdırmaq olar. Yaxud payızda dərsləri, təxminən, 15 gün tez başlamaq olar”.

 

Sabiq nazir, həmçinin builki qəbul imtahanlarının ləğv edilməsini təklif edir: “Hələ 20 il qabaq, 1991-92-ci illərdə təklif etmişdim ki, test imtahanlarını tətbiq edib, bir-iki ilə qayda-qanunu bərpa edək. Valideynlər pul verib övladlarını savadsız etmək adətini tərgitsinlər, uşaqlarına savad vermək üçün pul versinlər. Yəni təhsil sistemindəki münasibətlər kökündən dəyişsin. Bunu həyata keçirəndən sonra isə ümumiyyətlə qəbul imtahanını da ləğv edək. Ali məktəblərin qapısını bütün uşaqlara açaq, kim oxumaq istəyirsə, buyursun. Bir semestr oxuyandan sonra keçirilmiş proqramı mənimsəyənlər oxumağa davam eləsinlər. Oxumağa gücü çatmayan isə artıq özü başa düşəcək ki, orda qalmağı mənasızdır və gedib özünə başqa peşə seçəcək”.

 

Müsahibimiz 9-cu sinif buraxılış imtahanının isə indiki dönəm üçün yox, tamamilə, ləğv edilməsinin tərəfdarıdır: “Şagirdlər bir dəfə imtahan verməlidirlər, o da 11-ci sinifdə buraxılış imtahanı. Və buraxılış imtahanının nəticələrinə uyğun olaraq müəyyən edilməlidir ki, abituriyent hansı ixtisasa meyl göstərir, hansı fənni yaxşı bilir və gedib həmin sahə üzrə ali təhsil almalıdır. Yoxsa indiki kimi, Bakıda yaşayan abituriyent yazır ki, filan ixtisasa düşmək istəyirəm və gedib düşür ya Gəncəyə, ya  Naxçıvana, ya da Lənkərana. Ona görə də çox vaxt Bakıda başqa ixtisas üzrə oxumağa məcbur olur, ya da ümumiyyətlə oxumur. Bir çox qarışıq məsələlər var ki, onlar mütləq nizama salınmalıdır”.

Nadir İsrafilov: “Ali təhsil müəssisələrinə orta ixtisas təhsili ...

Təhsil eksperti, pedaqoq Nadir İsrafilov isə əvvəlcə fövqəladə hadisələrlə bağlı respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər barədə Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarını xatırlatdı: “O da birmənalı qəbul edilməlidir ki, mövcud vəziyyətlə bağlı bütün rəsmi məlumatlar Operativ Qərərgaha istinadən verilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi son mətbuat konfransında mətbuat xidmətinin rəhbərinin sözlərinə görə isə bu gün təhsil və tədrisin nə zaman bərpa olunacağı barədə danışmaq tezdir, bu məsələ aktiv müzakirədədir”.

 

N.İsrafilov düşünür ki, təhsilin yaxın günlərdə olmasa da, hər halda yaxın həftələrdə, ən uzağı yaxın aylarda reallaşması mümkün olan haldır: “Belə bir qənaətə gəlmək üçün isə hər cür əsasımız var. Nəzərə alsaq ki, bir neçə ölkədə artıq tədrisə başlamaq imkanları reallaşır, bizdə vəziyyət digərlərindən daha əminli və etibarlıdır. Çünki hər kəsə aydındır ki, yaranmış vəziyyətdən mümkün qədər zərərsiz çıxmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb, kompleks və məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi də öz növbəsində təhsilimizin dayanıqlılığını və davamlılığını saxlamaq üçün bütün mümkün imkanlardan lazımınca istifadə edir. Yəni, müəyyən prosedurlar nəzərə alınmazsa, təhsilimizlə bağlı elə də ciddi bir problem yaranacağını düşünmürəm”.

 

Təhsil eksperti Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmiş qanuna da münasibət bildirib: “Bu və buna bənzər təkliflər bizim müəyyən ekspertlər, mütəxəssislər və təhsildə maraqlı olan digər şəxslər tərəfindən də səsləndirilib. Bir çoxları dərs ilinin müddətinin uzadılması, başqaları 5 günlükdən 6 günlük tədris həftəsinə keçilməsi, digərləri əlavə məşğələlərin təyin olunması hesabına yaranan boşluğu kompensasiya etməyi, proqram materialından geriliyi aradan qaldırmağı və s. çıxış yolu göstərirlər. İmtahanları ləğv etməyi və ya keçid balında müəyyən güzəştlər etməyi təklif edənlər də var. Bütün bunlar yalnız təklifdir və bu da təbiidir. Hamımız təhsildə maraqlıyıq”.

 

“Bununla belə, bu şəraitdə nəinki yanlış məlumat, subyektiv fikir, hətta konkret təklif, qeyri-rəsmi açıqlama belə, əhalinin müəyyən dairələri tərəfindən həqiqət kimi qəbul edilə bilər və cəmiyyətdə müəyyən çaşqınlıq yaradar. Sosial mediada bu kimi hallara yol verilməsinin az şahidi olmamışıq. Hesab edirəm ki, özünü döğruldub-doğruldmayacağından asılı olmayaraq, hər hansı proqnoza deyil, rəsmi məlumatlara istinad etsək, daha doğru olar. Səbirsizliklə gözlədiyimiz rəsmi məlumatın elan ediləcəyi günə isə o qədər də çox qalmayıb”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan