Husilər hipersonik raket və dronlarla İsrailin dörd şəhərinə hücum edib
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı İsrailin dörd şəhərini raket və üç pilotsuz təyyarə ilə vurub. AYNA.AZ xəbər verir ki, bu barədə husilərin rəsmi nümayəndəsi Yəhya Sariya “Al Masirah” telekanalının efirində deyib.
“Raket qüvvələri unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı “Fələstin-2” tipli hipersəs ballistik raketdən istifadə etməklə işğal altındakı Beer-Şeba bölgəsində sionist düşmənin həssas hədəfinə hücum edib”, - bildirib.
Onun sözlərinə görə, husilər Eylat, Aşkelon və Haderadakı hədəfləri də pilotsuz təyyarələrlə vurub. O hücumların məqsədlərinə çatdığını vurğulayıb.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz husilərə qarşı yeni hərbi əməliyyat elan edərək, ölkənin hərbi hava qüvvələrinin Yəməndəki husi limanlarına və elektrik stansiyalarına hücum etdiyini bildirib. Onun sözlərinə görə, əməliyyat “Qara bayraq” adlanıb.